AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN SƏNAYE VƏ TİCARƏT NAZİRİ ƏLİ COŞQUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Prezident sarayında Türkiyənin sənaye və ticarət naziri Əli Coşqunu qəbul etmişdir.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə çarpdıran dövlətimizin başçısı müxtəlif sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə xidmət etdiyini vurğulayan Prezident İlham Əliyev hazırkı dövrdə həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirdi.
Birgə həyata keçirilən böyük layihələrin dünya əhəmiyyətinə malik olduğunu bildirən dövlətimizin başçısı dedi ki, neft, qaz boru kəmərləri, dəmir yol xətti layihələrinin həyata keçirilməsi bölgədə firavanlığın, sabitliyin, təhlükəsizliyin qorunması işinə xidmət edir.
Türkiyəli iş adamlarının ölkəmizdə fəaliyyətinin daim genişlənməsini müsbət hal kimi dəyərləndirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə biznes forumunda iştirakını xatırladı, Türkiyənin tanınmış, böyük şirkətlərinin respublikamıza gəlməsi prosesinin getdikcə güclənməsindən məmnunluq duyduğunu söylədi. Dövlətimizin başçısı dedi ki, Türkiyənin sənaye və ticarət naziri Əli Coşqunun respublikamıza səfəri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəkdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdıran qonaq dost və qardaş olan Azərbaycanın son illərdəki inkişafını qürurla izlədiklərini söylədi. O dedi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu prinsiplər çərçivəsində ölkələrimiz arasında dostluq münasibətləri durmadan möhkəmlənir, Prezident İlham Əliyev də bu yolu uğurla davam etdirir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını söyləyən nazir Azərbaycan-Türkiyə birgə qlobal layihələrinin, neft-qaz layihələrinin həyata keçirilməsini çox önəmli bir hadisə kimi qiymətləndirdi.
Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev özünün də salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş etdi.