AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN TƏHSİL NAZİRİ HÜSEYİN ÇELİKİ QƏBUL ETMİŞDİR
Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Türkiyənin təhsil nazirinin ölkəmizə səfərinin təcrübə mübadiləsi üçün yaxşı imkan yaratdığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda xeyli türkiyəli, Türkiyədə isə xeyli azərbaycanlı gənclərin təhsil almasının dost ölkələrimizin bu sahədə əlaqələrinin daha da genişləndirilməsində mühüm amil olduğunu nəzərə çarpdırdı.
Azərbaycanın dövlət siyasətində gənclərin təhsilinə böyük diqqət yetirildiyini vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, ölkələrimizin təhsil sahəsində əməkdaşlığı bundan sonra da inkişaf edəcəkdir.
Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən qonaq təhsil sahəsində əməkdaşlığın da yaxşı səviyyədə olduğunu bildirdi. Ölkəmizə səfərindən məmnunluqla bəhs edən cənab Hüseyin Çelik bu səfərin Azərbaycanda təhsil sahəsindəki inkişafla yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirdi.