AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVAŞPA-NIN SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN SƏDRİ ƏBDÜLQƏDİR ATƏŞİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər komitəsinin sədri Əbdülqədir Atəşi qəbul etmişdir.
Əbdülqədir Atəş ölkəmizə AŞPA-nın Siyasi məsələlər komitəsinin Bakıda ilk dəfə keçirilən iclasında iştirak etmək üçün gəldiyini söylədi və bu iclasın onun komitəyə sədrlik etdiyi dövrə təsadüf etməsindən xüsusilə məmnun olduğunu vurğuladı. Bakıya uzun müddət əvvəl Türkiyənin turizm naziri kimi səfər etdiyini deyən qonaq keçən dövr ərzində Azərbaycanda çox böyük dəyişikliklərin baş verdiyini bildirdi.
Dövlətimizin başçısı AŞPA-nın Siyasi məsələlər komitəsinin növbəti iclasını Bakıda keçirməsinin əhəmiyyətini vurğuladı. O, Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə əldə olunan uğurlara toxunaraq, ölkəmizin gələcəkdə daha da müasirləşəcəyi və inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı Azərbaycan-AŞPA əməkdaşlığına dair fikir mübadiləsi aparıldı.