AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN“ARABİ” JURNALINA MÜSAHİBƏSİ FRANSAYA ÜSTÜNLÜK
İlk rəsmi səfəri üçün Fransanı seçmiş Azərbaycanın Prezidenti ölkəsinin Fransa ilə iqtisadi münasibətlərindən, eləcə də, Azərbaycan dövlətinin müsəlman dünyasındakı yeri haqqında söhbət açdı.
- Prezident seçildikdən sonra ilk rəsmi səfəriniz üçün Fransanı seçdiniz. Bu, strateji bir seçimdirmi?
- Adətən, ilk rəsmi səfərə xüsusi diqqət yetirilir və bu da təbiidir. Fransa və Azərbaycan bir-birilərinə yaxındırlar, siyasi və iqtisadi əməkdaşlıq çox yaxşıdır. Prezident Heydər Əliyev və Prezident Jak Şirak dost idilər. 1993-cü ildə Prezident Heydər Əliyev də ilk rəsmi səfərini məhz Fransaya etmişdi. Biz ikitərəfli əlaqələrimizə xüsusi diqqət yetiririk. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın daha fəal rol oynayacağına çox böyük ümid bəsləyirik. Prezident Jak Şirakın dəvətini böyük məmnuniyyətlə qəbul etdim. Beləliklə, səfərin bir neçə səbəbi vardır.
- Avropaya yaxınlaşmağınız ABŞ-dan həddindən artıq asılı olmamaq deməkdirmi?
- Son on il ərzində diplomatiyamız və xarici siyasətimiz qonşularımızla, böyük ölkələrlə və dostlarımızla səmimi əlaqələrin qurulmasından ibarətdir. Bu baxımdan istəyimizə nail olmuşuq. Bu gün, əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşularımızla - Rusiya, Türkiyə, Gürcüstan və İranla çox yaxşı əlaqələrimiz vardır. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Avropa Birliyi ilə də çox gözəl münasibətlər qura bilmişik. Biz ziddiyyət yaratmaq, birinə digərinin hesabına üstünlük vermək istəmirik.
Bu siyasətlə biz xalqımızın və ölkəmizin beynəlxalq əməkdaşlıqdan bəhrələnməsini əsas diqqət mərkəzində saxlayırıq. Bizim üçün Avropa Birliyi, Fransa ilə əlaqələr Amerika, Rusiya və digər ölkələrlə əlaqələrimiz qədər vacibdir. Azərbaycanı əməkdaşlıq zonasına çevirmək niyyətimiz müvəffəqiyyətlə həyata keçmişdir. Bütün bunlar bizim xeyrimizə xidmət edir.
- 2003-cü ildə Azərbaycanla Fransa arasında mal dövriyyəsi üç dəfə artmışdır. Fransa ilə iqtisadi və siyasi əməkdaşlıqda nəyə ümid edirsiniz?
- Mən inanıram ki, bizim iqtisadi əlaqələrimiz daha da inkişaf edəcəkdir. Azərbaycanın iqtisadiyyatı ildən-ilə güclənir. Biz yeni istehsal sahələri, yeni müəssisələr və iş yerləri açmaqla ölkənin iqtisadiyyatını çoxşaxəli etmişik. Dövlət daha güclü olanda, onun xarici əlaqələri də intensivləşir. Əminəm ki, üç ildən sonra iqtisadi əlaqələrimiz daha üçqat artacaqdır. Bu, təbiidir: Avropanın tərkib hissəsi olmaq üçün Azərbaycanın həm potensialı, həm də iradəsi vardır.
- Məlum hadisələrlə bağlı İraqdan təcrid olunmuş fransız neft şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün imkanlar varmı?
- Bizim fransız şirkətləri, o cümlədən neft sahəsi ilə bağlı bir çox layihələrə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə sərmayə qoymuş Total şirkəti ilə çox yaxşı əlaqələrimiz vardır. Biz Totalın və digər fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərini daha da artırmaq üçün yeni imkanları nəzərdən keçirəcəyik. Fransa Sahibkarlar Hərəkatı Təşkilatında ölkənin işgüzar dairələri ilə görüşümdə onları sərmayə qoymaq üçün Azərbaycana dəvət etdim. Biz sərmayə qoyuluşu üçün əlverişli şərait yaratmışıq. Bütün ölkələrin Azərbaycanda eyni şəraitə malik olmalarına çalışırıq. Bunları həyata keçirməklə biz siyasi, iqtisadi və mədəni baxımdan güclü və daha varlı olacağıq. Mən fransız iş adamlarını ölkəmizdə işləməyə dəvət edirəm.
- Azərbaycanla iş görmək istəyən digər ölkələrə münasibətiniz necədir?
- Bizim iqtisadi siyasətimiz bazar münasibətlərinə əsaslanmışdır. Biz aqrar islahatı, iqtisadi dəyişiklikləri, özəlləşdirməni mühüm bir proqramla həyata keçiririk. Bu gün Azərbaycanda ümumi daxili məhsulun 70 faizindən çoxu dövlətin yox, özəl sektorun payına düşür. İşgüzar tərəfdaşları məhz bazar təyin edir. Bizə qarşı heç bir embarqo tətbiq edilməmişdir. Biz də hər hansı ölkə və şirkət ilə münasibətlər qurmağın əleyhinə deyilik. Azərbaycanda elə şərait yaratmaq istəyirik ki, hər hansı bir şirkət burada asanlıqla iş qura bilsin. Biz yalnız bir ölkə və şirkətlə deyil, dünyanın çox ölkələri ilə əməkdaşlıq etməyin tərəfdarıyıq.
- Siz beynəlxalq liderlərin yeni nəslinin nümayəndəsisiniz. Brejnevin vaxtında Siyasi Büroda yüksək vəzifə tutmuş, böyük təcrübəyə malik bir şəxsiyyətin oğlusunuz. Bu, Sizdə hansı hissləri oyadır?
- Bu, olduqca böyük məsuliyyətdir. Mənə etimad göstərmiş xalqı naümid edə bilmərəm. Mən Prezident Heydər Əliyevin siyasətini bütün gücümlə davam etdirməli, işgüzarlığım, əməli fəaliyyətim və qərarlarımla müstəqilliyimizi qorumalıyam.
Mən Prezident seçilmişəm, amma eyni zamanda, Azərbaycanın tarixində müstəsna rol oynamış bir şəxsin, bu ölkənin böyük vətəndaşının oğluyam. Bütün etdiklərim kiçik detallarına kimi izlənilir. Bu ağır məsuliyyət, eyni zamanda, mənə səhv etməməkdə kömək edir. Hər şey onun qərarından asılı olan Prezident səhvə yol verməməlidir.
- Azərbaycanın demokratikləşməsi və modernləşdirilməsini necə görürsünüz?
- Bu, bizim ən başlıca məqsədimizdir. Biz, dünyaya və Avropaya inteqrasiya etməyi seçmiş xalqıq, başqa ölkələrin bölüşdüyü dəyərlərə malik, mədəni və müasir cəmiyyət qurmaq istəyirik. Biz demokratikləşmə yolunu davam etdiririk. Avropa Şurasına üzvlüyə qəbul olunduqdan sonra qanunvericiliyimizi Avropa səviyyəsinə çatdıran çoxlu sənədlər qəbul etmişik. Əlbəttə, biz hələ çox işlər görməliyik. 70 il ərzində kommunist rejiminin hökmranlığı altında olan respublika idik. Bu, bizim psixologiyamızda dərin izlər buraxmışdır. Bu vəziyyətdən çıxmaq üçün vaxta ehtiyacımız var. Bununla belə, biz işlərin öhdəsindən uğurla gəlirik. Azərbaycanda hər bir şəxs özünü Avropadakı kimi hiss edəcəkdir.
- Çoxlu burulğanların olduğu müsəlman aləmində Azərbaycanın yeri barədə nə deyə bilərsiniz?
- Sualınıza cavab olaraq bildirmək istərdim ki, Azərbaycanda din dövlətdən ayrıdır. Biz öz dinimizə böyük hörmət və ehtiramla yanaşırıq. Amma, eyni zamanda, biz müasir və mədəni ölkəyik. Bu baxımdan bizim heç bir problemimiz yoxdur. Bəzi islam ölkələri islamı ideologiya kimi qəbul etmişlər, lakin bu, bizim ölkəyə aid deyildir. Eyni zamanda, həmin ölkələrlə çox yaxşı əlaqələr saxlayırıq. Azərbaycan öz vətəndaşlarına din və söz azadlığı təmin edən azad bir ölkədir.
- Qonşunuz İran Respublikasındakı vəziyyətə münasibətiniz?
- Biz bir-birimizin daxili işlərinə qarışmırıq. Biz hökumətləri müxtəlif olan ayrı-ayrı ölkələrik, lakin bizim ümumi böyük sərhəd zonamız vardır. Digər tərəfdən isə, İranda çoxlu azərbaycanlı yaşayır. Əlbəttə, biz bu ölkədə sabitliyin tərəfdarıyıq. Əlaqələrimiz genişlənir və bu, iqtisadi müstəvi üzərində düzgün qurulmuşdur. Siyasətimizin əsas məqsədi bütün ölkələrlə yaxşı əlaqələr saxlamaqdan ibarətdir. Biz həyata baxışımızı başqalarına təlqin etmək istəmirik. Başqalarının işlərinə müdaxilə etməmək əməkdaşlıq üçün ən yaxşı əsasdır.