AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
Sevindirici haldır ki, sənaye istehsalı da çox yüksək sürətlə inkişaf edir. 9 ayda artım 40 faiz təşkil etmişdir. Bizim sənaye potensialımız möhkəmlənir. Ancaq sənayenin inkişafında, xüsusilə qeyri-neft sektorunun inkişafında daha da böyük işlər görmək lazımdır.
Azərbaycana 9 ayda təxminən 5 milyard dollar həcmində investisiya qoyulmuşdur. Bu onu göstərir ki, investisiya qoyuluşu baxımından Azərbaycan öz cəlbediciliyini qoruyub saxlayır. Baxmayaraq ki, uzun illərdir xüsusilə neft-qaz sektoruna investisiyalar qoyulur və demək olar ki, bütün əsas enerji layihələri icra olunur, Azərbaycan yenə də xarici investorlar üçün, yerli investorlar üçün böyük maraq doğurur. Bu, bizi çox sevindirir və onu göstərir ki, Azərbaycanda investisiya mühiti müsbətdir.
Regionların sosial-iqtisadi inkişafı proqramının icrası nəticəsində 9 ayda təxminən 120 min yeni iş yeri açılmışdır. Bütövlükdə, 2003-cü ilin oktyabr ayından bu günə qədər Azərbaycanda 470 min yeni iş yeri açılmışdır ki, bu da ölkənin həm hərtərəfli inkişafına, insanların həyat səviyyəsinə müsbət təsir göstərir.
Bizim özəl sektorumuz da inkişaf edir. Özəl sektorun ümumi daxili məhsuldakı payı 75 faizdir. Bu, çox yüksək göstəricidir və onu göstərir ki, Azərbaycanda özəl sektorun inkişafı sürətlə gedir. Sahibkarlıq inkişaf edir, sahibkarlığa dövlət tərəfindən həm mənəvi, həm də praktik dəstək verilir. Kiçik və orta sahibkarlığın inkişafı üçün kreditlər verilir. Bu kreditlərin məbləği artır və beləliklə, dövlət öz tərəfindən özəl sektorun inkişafını dəstəkləmiş olur.
Bizim büdcə xərclərimiz artır. Azərbaycanın büdcəsi gələn il 6 milyard dolları keçəcəkdir. Büdcə xərcləri təxminən 6 milyard 300 milyon dollar səviyyəsində olmalıdır. Bu sürətli artım, əlbəttə, Azərbaycanın qarşısında duran əsas iqtisadi və sosial məsələlərin həlli üçün bizə imkan yaradacaqdır. Son 3-4 il ərzində Azərbaycanın büdcəsi dörd dəfə artmışdır. Gəlin statistikaya baxaq, hansı ölkədə büdcənin belə sürətlə artımı müşahidə olunur? Əminəm ki, heç bir ölkədə. Əlbəttə, bunun müxtəlif səbəbləri var: maliyyə intizamının möhkəmlənməsi, bütün iqtisadi sahələrə dövlət tərəfindən ciddi nəzarətin artırılması, bizim uğurlu investisiya layihələrimiz, Heydər Əliyev tərəfindən başlanılmış və bu gün uğurla icra edilən Azərbaycanın neft strategiyası, Azərbaycana xarici kapitalın qoyulması, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması, liberal iqtisadi siyasətin aparılması, özəl sektora verilən dəstək. Yəni bu səbəblər çox müxtəlifdir. Bunların içərisində, əlbəttə ki, ictimai-siyasi sabitliyin yüksək səviyyədə olması öz rolunu oynayır. Yəni bütün bu amillər Azərbaycanın iqtisadi inkişafında birbaşa rol oynayır və ona öz təsirini göstərir.
Bu gün bunu bütün beynəlxalq ictimaiyyət də görür, qəbul edir və qeyd edir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir. Həm iqtisadi, həm də siyasi cəhətdən öz mövqelərini möhkəmləndirir, regionda liderlik mövqelərinə çıxıb, dünyadakı mövqelərini möhkəmləndirir, çox yüksək beynəlxalq imicə malik olan ölkədir, etibarlı tərəfdaşdır, əməkdaşlığa açıq olan ölkədir. Eyni zamanda, öz prinsipiallığını qoruyan və möhkəmləndirən, müstəqil siyasət aparan ölkədir. Öz siyasətini Azərbaycan xalqının maraqları əsasında quran bir ölkədir. Prezident kimi mən qürur hissi keçirirəm ki, Azərbaycan doğrudan da çox zəngin ölkəyə çevriləcək, çevrilir və beynəlxalq imicimiz də günü-gündən möhkəmlənir.
Azərbaycanın hərtərəfli inkişafı üçün iqtisadi amil əsas rol oynayır, maddi imkanlarımız artır. Maddi imkanlarımız artdıqca, bizim müstəqil siyasət aparmağımız da güclənir. Bu günə qədər Azərbaycanda həm Dövlət Neft Fondunda, həm də Milli Bankın valyuta ehtiyatlarında yığılan 3 milyard dollardan çox vəsait bizə əlavə güc verir. Bizə ümid verir ki, qarşıda duran bütün vəzifələr öz həllini tapacaqdır. Nəzərə alsaq ki, valyuta ehtiyatlarının formalaşmasında neft amili başlıca rol oynayır və bizim böyük neft layihələrimiz ilkin mərhələdədir, görərik ki, gələn illərdə, növbəti illərdə Azərbaycana çox böyük həcmdə valyuta axını olacaqdır. Bu böyük məbləğin idarə edilməsi, ondan səmərəli istifadə, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. 3 milyard dollar həcmində olan valyuta ehtiyatları böyük göstəricidir və Azərbaycanın iqtisadi inkişafında müsbət rol oynayır.
Bu il, xüsusilə üçüncü rübdən Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə başladı. Bu, tarixi hadisədir. Həm Azərbaycanda, həm də bölgədə gedən proseslərə çox güclü təsir edən hadisədir. Azərbaycanın neft strategiyasının, Heydər Əliyevin neft strategiyasının təntənəsidir. Bütövlükdə, Azərbaycanın müstəqil ölkə kimi yaşamasını uzun illər, onilliklər, əsrlər boyu təmin edən amildir. Azərbaycanın müstəqil siyasətinin təntənəsidir. Bu hadisənin çoxşaxəli əhəmiyyəti var, təsiri var. Azərbaycan xalqı artıq bunu görür. Günü-gündən yaxşılaşan vəziyyət, abadlaşan şəhərlər, çəkilən yollar, artan maaşlar, pensiyalar, sosial məsələlərin həlli, məktəblərin, xəstəxanaların, elektrik stansiyalarının tikintisi – bütün bunların təməlində iqtisadi güc dayanır. Hamımız bilirik və yaddan çıxarmamalıyıq ki, iqtisadi gücü isə bizə neft strategiyamız verir. Bu, əsas, başlıca amildir. Bu amil özü mənfəət gətirir, özü maddi dəyərlər yaradır. Bununla bərabər, neft amili iqtisadiyyatın bütün başqa sektorlarına da güclü təsir göstərir. Xidmət sektoru, turizm sektoru inkişaf etməyə başlayır. İnfrastruktur layihələri icra olunur. Yəni bu, aksiomdur, 15 il müstəqil ölkə kimi yaşayan Azərbaycanın həyatında tarixi əhəmiyyəti baxımından analoqu olmayan hadisədir.
Bu ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması gözlənilir. Nəzərə alsaq ki, son müddət ərzində enerji təhlükəsizliyi deyəndə, ilk öncə, qaz amili nəzərdə tutulur, bu layihənin də çox böyük əhəmiyyəti var. Azərbaycan özünü qazla təmin etmək üçün bütün imkanlardan istifadə etməlidir. Əgər 1996-cı ildə “Şahdəniz” yatağı üzrə müqavilə imzalanmasaydı, - baxmayaraq ki, əfsuslar olsun, ölkə daxilində də bu müqavilənin əleyhinə olanlar var idi, - bu gün təsəvvür etmək çətindir ki, Azərbaycan hansı problemlərlə üzləşə bilərdi.
Bilirsiniz ki, qazın qiyməti getdikcə artır. Avropa üçün və MDB ölkələri üçün qazın, əsasən Rusiyadan verilməsi nəzərdə tutulur, başqa mənbə yoxdur. Rusiyadan verilən qazın qiyməti sürətlə artır. Əgər iki il bundan əvvəl 1000 kubmetrin qiyməti 50 dollar idisə, bu il 110 dollar olubdur. Gələn il daha da böyük rəqəm olacaqdır. Baxmayaraq ki, biz qaz hasilatımızı artırırıq, hələlik bu kifayət etmir. “Şahdəniz” yatağı ancaq ilin sonunda istismara veriləcəkdir. Beləliklə, bu iki layihə Azərbaycanın həm uzunmüddətli, dayanıqlı iqtisadi potensialını, həm də enerji təhlükəsizliyini möhkəmləndirəcəkdir.
Demək olar ki, artıq bütün sahələr üzrə düşünülmüş konkret proqramlar var. Bu proqramlar uğurla icra edilir və büdcə formalaşanda proqramlarda nəzərdə tutulan müddəalar da öz əksini tapır. Regionların sosial-iqtisadi inkişafı proqramı, demək olar, üç ilə yaxındır icra olunur və hər il biz bunu xüsusi təhlil edirik. Ona görə bu gün bu təhlilə ehtiyac yoxdur. Mən qeyd etdim ki, bu proqramın icrası nəticəsində 470 min yeni iş yeri açılmışdır və regionların inkişafı sürətlə gedir.
Bakının qəsəbələri üçün xüsusi proqram qəbul edilibdir, uğurla icra edilir. İnfrastruktur yeniləşir, elektrik, qaz xətləri, su kəmərləri çəkilir, məktəblər, xəstəxanalar tikilir. Azərbaycanda yol tikintisi geniş vüsət alıbdır. Həm dünya standartlarına cavab verən magistral yollar, həm də şəhərlərarası, kənd yolları çəkilir. Ən ucqar kəndlərə müasir yollar çəkilir. Bakıda yeni körpülər və yolötürücüləri tikilir ki, yol hərəkətinin tənzimlənməsinə kömək etsin. 9 körpü və yolötürücü tikilir və əminəm ki, bu, şəhər təsərrüfatının yaxşılaşmasına xidmət göstərəcəkdir.
Azərbaycanda qazlaşdırma sürətlə gedir. Biz 13 illik fasilədən sonra Naxçıvana təbii qazın verilməsinə nail olduq. Bu, böyük hadisədir. Heç vaxt, heç Sovet İttifaqı dövründə də qazlaşdırılmamış rayonlara qaz verilir. Bu yaxınlarda Lerik və Yardımlı rayonlarına qaz veriləcəkdir. Bu da çox böyük, həm iqtisadi, sosial, həm də siyasi məna daşıyan hadisədir. O rayonlarda tarixən heç vaxt qaz olmamışdır. Biz bunu edirik. Baxmayaraq ki, bu, böyük vəsait tələb edir. Qaz kəməri hündür dağlardan keçir, orada relyef də çox mürəkkəbdir. Amma buna baxmayaraq, biz bunu edirik, çünki bu, lazımdır. Orada yaşayan insanlara lazımdır, onların həyat səviyyəsinin yaxşılaşması, Azərbaycanın hərtərəfli inkişafı üçün lazımdır. Bu, bir daha onu göstərir ki, bizim qarşımızda həllini tapa bilməyən heç bir məsələ yoxdur. Biz istənilən məsələni həll edirik.
Bu yaxınlarda ekologiya proqramı qəbul olunubdur. Əminəm ki, uğurla icra ediləcəkdir. Abşeron yarımadası neftlə çirklənmiş sahələrdən tamamilə təmizlənəcək, Bakı buxtası təmizlənəcək və bütün lazımi başqa tədbirlər də görülməlidir.
Bilirsiniz ki, Bakını içməli su ilə təmin etmək üçün böyük layihə icra olunur. Oğuz-Qəbələ bölgəsindən çəkiləcək su kəməri Bakını çox keyfiyyətli içməli su ilə tam təmin edəcəkdir. Layihənin başa çatması 2008-ci ildə nəzərdə tutulur.
Qaçqın-köçkünlərin həyat şəraitini yaxşılaşdırmağa çalışırıq və böyük işlər görürük. Bu gün burada geniş məlumat veriləcəkdir. Köhnə çadır şəhərcikləri ləğv edilir və qaçqın-köçkünlər normal şəraitlə təmin olunurlar.
Enerji təhlükəsizliyi məsələlərinə mən toxundum. Onu da qeyd etmək istəyirəm ki, indi Azərbaycanda tikilən yeni elektrik stansiyaları ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır. Astara və Şəki modul tipli elektrik stansiyaları artıq istismara verilibdir. Xaçmaz, Bakı, Naxçıvan şəhərlərində də stansiyalar tikilir. Sumqayıtda 500 meqavatlıq böyük elektrik stansiyası tikilir. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Mingəçevir elektrik stansiyasında yenidənqurma işləri nəzərdə tutulur. Bakıda “Şimal-2” elektrik stansiyasının tikintisi nəzərdə tutulur, onun da gücü 400 meqavatdır. Yəni biz güclü energetika potensialı yaradırıq ki, ilk növbədə, Azərbaycanın, iqtisadiyyatın artan tələbatını ödəyək. Yeni müəssisələr, zavodlar açılır, əhalimiz artır, mənzil tikintisi aparılır – bütün bunlar elektrik enerjisi tələb edir. Digər tərəfdən, gələcəkdə Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə də çevrilə bilər. Bizim təbii ehtiyatlarımız, neftimiz, mazutumuz, qazımız var. Elektrik stansiyaları kifayət qədər gücə malik olsa, gələcəkdə elektrik enerjisinin ixracı da nəzərdə tutula bilər. Bu isə neft ixracından daha əlverişli bir əməliyyatdır və biz buna da gedirik.
Bakıda tarixi binalarda təmir-bərpa işləri aparılır. Bəlkə də bu hadisə birbaşa iqtisadi artıma gətirib çıxarmır, ancaq gözəl şəhərimizi daha da gözəlləşdirməliyik. Mən Bakı şəhər meriyasına göstəriş verdim ki, bütün gözəl tarixi binaların təmizlənməsi, onların işıqlandırılması ilə məşğul olsun. Vaxtilə yöndəmsiz görkəmdə olan binalarda da təmir-bərpa işləri aparılsın. Onları müasirləşdirməliyik ki, şəhərimiz daha da gözəl olsun. Bu məqsəd üçün də vəsait ayrılır və mən hesab edirəm ki, bu da çox vacibdir. Mən vəzifə qoymuşam ki, tikilən hər bir yeni bina ən yüksək standartlara cavab versin. Mən Bakı şəhərində və bütün başqa şəhərlərdə eybəcər binaların tikintisinə qadağa qoydum. Hər bir yeni tikilən bina gərək öz memarlığı ilə fərqlənsin, çox səliqə ilə tikilsin, xarici görünüşü gözəl olsun. Ancaq o təqdirdə binanın tikintisinə icazə veriləcəkdir. Çünki bu vaxta qədər bəzi hallarda yaraşıqsız tikilmiş binalar şəhərimizin ümumi görünüşünü pozmuşdur. Ona görə bu proqram da həyata keçirilir.
Bununla bərabər, mədəni irsimizə də böyük diqqət göstəririk. Xüsusi proqram qəbul olunub və gələn ilin büdcəsində bu, nəzərdə tutulmalıdır. Muzeylərin, teatrların yenidən qurulması, bərpası ən yüksək səviyyəyə çatdırılmalıdır. Bakı şəhərinin bütün muzeyləri və teatrları 2007-2008-ci illərdə yüksək səviyyədə təmir olunmalıdır, ən yüksək dünya səviyyəsinə qalxmalıdır.
Azərbaycanda uzun illərdir ki, idman kompleksləri tikilir. Bu il və gələn il yeni komplekslərin tikintisi nəzərdə tutulur. Son iki il ərzində Azərbaycanda 600-dən çox məktəb tikilibdir. Bu gün bu barədə təhsil naziri məlumat verəcəkdir. Bölgələrdə yeni, müasir xəstəxanalar tikilir. O xəstəxanalar insanların səhiyyə ilə bağlı əsas problemlərini həll edəcəkdir. İndi hər bir bölgədə müasir standartlara cavab verən diaqnostika və müalicə mərkəzləri tikilir. Birincisi Lənkəran şəhərində tikilibdir, onun açılışında və ondan əvvəl təməlqoyma mərasimində iştirak etmişəm. Orada ən yüksək səviyyə mövcuddur. Yeni tikilən bütün xəstəxanalarda böyrək xəstəliyi ilə bağlı xüsusi şöbə fəaliyyət göstərəcək, orada süni böyrək aparatı quraşdırılacaqdır. Çünki böyrək çatışmazlığından əziyyət çəkən insanlar Azərbaycanda kifayət qədərdir. Bakıda yaşayanlar o xidmətdən rahatlıqla istifadə edirlər. Amma ucqar yerlərdə yaşayanlar, təsəvvür edin, cənub bölgəsindən, yaxud da qərb bölgəsindən 300-400 kilometr məsafədən insanlar məcburdurlar həftədə iki, üç dəfə Bakıya gəlsinlər, o aparat vasitəsilə qanı təmizləsinlər və geri dönsünlər. Onsuz da insanlar bu xəstəlikdən əzab çəkir. Ancaq yerlərdə, bölgədə o aparatların olmaması ucbatından onların əzab-əziyyəti birə-on artır. O yolu gəlib-getmək əlavə xərcdir və əlbəttə ki, xəstə insanlara çox mənfi təsir göstərir. Ona görə göstəriş vermişəm, biz bunu edirik. İlk növbədə, hər bir bölgədə müasir komplekslər tikilir ki, uzaqbaşı, 100-150 kilometr məsafədə o xəstəxanalara getmək mümkün olsun. Gələcəkdə hər bir rayonda belə xəstəxana tikiləcəkdir.
Ordu quruculuğuna böyük diqqət göstərilir və gələn il hərbi büdcəmiz bir milyard dolları keçəcəkdir. Mən bu məqsədi hələ iki il bundan əvvəl qarşıya qoymuşdum. O vaxt bizim hərbi büdcəmiz 150 milyon dollar idi. Mən ürəyimdə bu məqsədi saxlayırdım, bu rəqəmi görürdüm. Bəlkə də, onu əvvəlcədən deməyə də dəyməzdi. Amma mən bilirdim biz haraya gedirik. Bilirdim ki, ölkəmizin iqtisadi inkişafı, büdcə artımı imkan verəcək ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olsun və onu keçsin. Mən çox şadam ki, qısa müddət ərzində, haradasa iki il yarım ərzində buna nail olduq. İndi bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaqdır. Ondan sonrakı illərdə bunu kəskin şəkildə üstələyəcəkdir. Təbii ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin ədalətli həllində öz mühüm və əvəzolunmaz rolunu oynayacaqdır.
Yəni, bir sözlə, bütün sahələrdə bizim işlərimiz proqram şəklində aparılır. Bu hadisələr o qədər tez-tez baş verir ki, bəzi hallarda biz görülən işləri də artıq yaddan çıxarırıq. Baxmayaraq ki, bu işlər bir-iki il bundan əvvəl görülübdür. O qədər iş görülür ki, hamısını, sadəcə, sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Amma biz bunları unutmamalıyıq. Çünki bizim nailiyyətimizdir. Eyni zamanda, arxayınçılığa da yol vermək olmaz. Ölkə qarşısında çoxlu iqtisadi, sosial problemlər var, biz bunları həll etməliyik. Əsas odur ki, biz bilirik bunları necə həll etmək lazımdır. Artıq təcrübə də göstərir ki, atılan addımlar öz gözəl nəticələrini verir.
İndi isə müzakirələrə keçək və çıxış üçün söz Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənova verilir.
X X X
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri ƏLİ HƏSƏNOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasından bütün ölkə əhalisi kimi, qaçqın və məcburi köçkünlər də kifayət qədər bəhrələniblər.
Cənab Prezident, Sizin Sərəncamınıza və prezident seçkiləri ərəfəsində verdiyiniz vədlərin icrasına uyğun olaraq, bu il Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Ağdam və Ağcabədi rayonları ərazisində ümumi sahəsi 197 min kvadratmetr olan 3860 yaşayış evindən ibarət, bütün sosial texniki infrastruktura malik 13 qəsəbənin tikintisi başa çatdırılmışdır. Məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və daha 4 çadır düşərgəsinin ləğv edilməsi təmin olunmuşdur. Tikintidə 20 min məcburi köçkün və yerli əhali müvəqqəti işlə təmin edilmişdir.
Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması məqsədi ilə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına bu günə qədər cəmi 11 min ev tikilmiş, yəni ümumi yaşayış sahəsi 616 min kvadratmetr olan 45 qəsəbə salınmışdır. 5184 yerlik 33 məktəb, 3 musiqi məktəbi, 23 uşaq bağçası, 25 tibb məntəqəsi, 18 klub-icma mərkəzi, 18 poçt şöbəsi, 29 hamam, 24 inzibati bina, 5 yanğın postu, 9 yardımçı elektrik stansiyası tikilmiş, 317 kilometr yol, 301 kilometr su və 566 kilometr hava elektrik xətti çəkilmiş, 111 artezian quyusu qazılmış, 300 transformator quraşdırılmışdır.
Hazırda Saatlı, Sabirabad rayonları ərazisində qalan 3 çadır düşərgəsinin də ləğvi və orada müvəqqəti məskunlaşmış 4179 məcburi köçkün ailəsi üçün Biləsuvar, Sabirabad və Ağdam rayonları ərazisində qəsəbələrin salınmasına başlanmışdır. Füzuli rayonunda qəsəbələrin tikintisi üçün ayrılmış torpaq sahəsinin minalardan təmizlənməsi başa çatmaqdadır.
Bunlarla yanaşı, Dövlət proqramına əsasən, Xocalı rayonundan olan 500 ailə üçün Goranboy rayonu ərazisində, Xocavənd rayonundan olan 500 ailə üçün isə Beyləqan rayonu ərazisində yeni qəsəbələrin salınması məqsədi ilə yaxın günlərdə layihələndirmə işlərinə başlanılacaqdır.
Möhtərəm cənab Prezident!
Sizin tapşırığınıza əsasən, bu yaxınlarda Yuxarı Mil kanalının 4,2 kilometrlik hissəsinin, habelə Laçın qışlaqlarında su təchizatının yaxşılaşdırılması üçün Qarqarçay-Laçın qışlaqları kanalının 8,1 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır. Bunun nəticəsində həmin ərazilərə kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün geniş insan axını başlamışdır. Məlumat üçün bildirim ki, son 80 ildə həmin yataqlarda su təchizatı olmamışdır. Cənab Prezident, həmin yataqların ərazisində 8-10 il bundan qabaq insanlar geniş torpaq sahəsi götürmüş, lakin sonra atıb çıxıb getmişdilər. İndi hamısı qayıdıb, su ilə təmin olunub, orada əkinçiliyə başlayıblar.
Dövlətqaçqınkomun builki büdcəsi 87 milyon manatdır. Sizin tapşırığınıza əsasən, vəsaitlərin aidiyyəti dövlət təşkilatlarına ödənilməsində şəffaflığı təmin etmək üçün həmin vəsaitlərin ödənişində insan amilinin iştirakı tam aradan götürülmüşdür. Belə ki, hazırda 40 milyon manat həcmində vəsaitlə 128.520 məcburi köçkün ailəsinə aylıq yemək xərcinin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi həyata keçirilmiş, nəticədə bu sahədə şəffaflıq tam təmin edilmişdir.
11 milyon manat həcmində vəsait hesabına 140 min nəfər məcburi köçkünün ərzaq təminatı, kənardan heç bir müdaxilə olmadan müsabiqədə qalib gəlmiş təşkilat və məcburi köçkün icmaları vasitəsilə həyata keçirilir. 27 milyon manat həcmində vəsait hesabına məcburi köçkünlərin kommunal xərcləri faktik istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına vaxtında ödənilir. 7 milyon manat həcmində vəsait hesabına 87 min məcburi köçkün ailəsinin hər birinə yerli icra hakimiyyətləri tərəfindən payız-qış mövsümündə 40 litr ağ neft paylanılır. Demək olar ki, Komitənin sərəncamında işçilərin sırf əmək haqqı və onun kommunal xidmətləri üçün vəsait qalır. Qalan bütün vəsaitlərin ödənişində insan amilinin iştirakı tamamilə aradan qaldırılıbdır.
Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 16 min nəfər məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi 2006-cı ilin sonunadək davam etdiriləcəkdir. Yoxsulluğun azaldılması istiqamətində görülən işlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun həddi 72,5 faizdən 57 faizə enmişdir.
Məlumat üçün onu da diqqətinizə çatdırım ki, 2006-cı ilin 9 ayı ərzində Nazirlər Kabinetinə və Dövlətqaçqınkoma qaçqın və məcburi köçkünlərdən 39 min müraciət daxil olmuş, onların 76 faizi müsbət həllini tapmış, qalanlarına isə müvafiq izahatlar verilmişdir. Hazırda hökumət beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlarla birlikdə “Böyük repatriasiya (Böyük qayıdış)” proqramının layihəsinin hazırlanması üzərində işləyir.
Ölkədə fəaliyyət göstərən 72 beynəlxalq humanitar təşkilat tərəfindən 9 ay ərzində 20 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir. Sizin qəbul etdiyiniz qərarlar nəticəsində onların tam sərbəst və şəffaf fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Bunu Azərbaycan hökumətinin dəvəti ilə son 4 ay ərzində 4 nüfuzlu beynəlxalq təşkilatın ölkəmizə səfər etmiş rəhbərləri də təsdiqləmişlər.
BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ceyms Morris və BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş səfərlərinin yekunlarına dair mətbuat konfransı keçirərək aşağıdakıları bildirmişlər: “Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın əksər ölkələri üçün nümunədir. Bizim Azərbaycan hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir”.
Əli Həsənov ölkənin davamlı iqtisadi inkişafında və Azərbaycanın dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərinə görə dövlətimizin başçısına qaçqınların və məcburi köçkünlərin minnətdarlığını çatdırdı.
Sonra doğma yurdlarından didərgin düşmüş soydaşlarımız üçün yeni salınmış şəhərciklərdə yaradılan şəraitdən bəhs edən kadrlar nümayiş etdirildi.
X X X
İLHAM ƏLİYEV: Ümumilikdə, evlərin tikintisinə nə qədər vəsait ayrılıbdır?
ƏLİ HƏSƏNOV: Bu günə qədər 216 milyon manat istifadə olunubdur. Bu ilə 110 milyon manat, gələn ilə 124 milyon manat.
İLHAM ƏLİYEV: Bəs qalan çadır şəhərcikləri?
ƏLİ HƏSƏNOV: Sizin tapşırığınızla gələn il çadır şəhərciklərinə birmənalı şəkildə son qoyulacaqdır. Ancaq təbii ki, bununla bizim problemimiz qurtarmır. Dövlət proqramı da davam edir. Fin tipli 15 qəsəbəmiz var ki, çadır şəhərciyindən də pis vəziyyətdədir. Bundan əlavə, 6 min ailə, yəni 30 min nəfər də məktəblərdə yaşayır. Keçən il birinci mərhələdə yataqxanaların 267-si təmir olundu. Vəsait imkan verərsə, bu işi davam etdirə bilərik.
İLHAM ƏLİYEV: Onu davam etdirməliyik. Çünki birinci mərhələ çadır şəhərciklərinin ləğvi və yeni qəsəbələrin salınması idi. İkinci mərhələ digər çətin vəziyyətdə yaşayan insanlar üçün şərait yaradılması olmalıdır.
ƏLİ HƏSƏNOV: Cənab Prezident, Sizin tapşırığınızla hamısı dövlət proqramında nəzərdə tutulubdur.
İLHAM ƏLİYEV: Məktəblərdə yaşayanlar da əziyyət çəkirlər.
ƏLİ HƏSƏNOV: Bəli, 6 min ailə yaşayır.
İLHAM ƏLİYEV: Biz gərək onları da yerləşdirək, müasir evlərə köçürək. Həm də məktəblər boşalar. Sonra gərək biz həmin məktəbləri təmir edək. Onsuz da məktəb tikintisi gedir, amma daha da sürətlə getməlidir.
X X X
Maliyyə naziri SAMİR ŞƏRİFOV 2006-cı ilin 9 ayını Prezident İlham Əliyevin 3 illik səmərəli fəaliyyətinin mühüm mərhələsini təşkil etdiyini vurğulayaraq dedi:
- Bu dövr ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi xətti və dövlət idarəçilik ənənələri Prezident İlham Əliyev tərəfindən davam etdirilərək, iqtisadiyyatın inkişafına yüksək dinamizm və qətiyyət verilərək, ölkəmizin həyatının bütün sahələrində yeni zirvələr fəth edilmiş, əhalinin rifah halı ilbəil yaxşılaşmış, milli neft strategiyasının əsas tələblərinə nail olunaraq maliyyə resursları səfərbər edilmiş, Azərbaycan dövlətinin qarşısında duran taleyüklü vəzifələrin həlli üçün əsaslı zəmin yaradılmışdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişafın sürətləndirilməsi strategiyası ölkə iqtisadiyyatının yüksələn xətlə artımını şərtləndirmişdir. Belə ki, 2004-cü ildə ÜDM-in artım sürəti 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, cari ilin doqquz ayında 34 faiz təşkil etmişdir. Ümumiyyətlə, son üç il ərzində ÜDM-in real artım sürəti 1,8 dəfə olmuşdur. Həmin dövr ərzində dövlət büdcəsinin xərcləri təxminən 4 dəfə artmış, cənab Prezidentin qeyd etdiyi kimi, ölkədə 470 mindən çox yeni iş yerləri açılmışdır.
Əhalinin sosial müdafiəsinin, xüsusilə aztəminatlı təbəqənin maddi təminatının yaxşılaşdırılması üçün nəzərəçarpan işlər görülmüşdür. Belə ki, son üç il ərzində ölkədə yoxsulluğun səviyyəsi kəskin surətdə azalaraq 49 faizdən 29 faizə enmiş, yaşa görə əmək pensiyalarının minimum məbləği 1,8 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, minimum aylıq əmək haqqı 3,3 dəfə artırılmışdır. Ölkə Prezidentinin bəyan etdiyi kimi, cari ilin sonunadək minimum əmək haqqının həddi 30 manatdan 40 manata çatdırılacaqdır. Son üç il ərzində əhalinin pul gəlirləri 2 dəfə artmış, adambaşına düşən ÜDM 865 manatdan 2142 manata yüksəlmişdir. Bu müsbət irəliləyiş dinamikası 2006-cı ilin ötən doqquz ayında da xüsusilə nəzərəçarpan olmuşdur. Belə ki, cari ilin doqquz ayında ÜDM-in 34 faizlik artımı ilə bərabər, əhalinin pul gəlirlərinin sürətli artımı müşahidə olunmuşdur. Əhalinin pul gəlirləri həmin dövr ərzində 19,8 faiz, orta aylıq əmək haqları 19,9 faiz, əhalinin banklardakı əmanətləri 47,9 faiz artmışdır.
İqtisadiyyatdakı bu artım sürəti öz əksini büdcə göstəricilərində də tapmışdır. Dövlət büdcəsinin gəlirləri 2 milyard 691 milyon manat və ya 100,7 faiz yerinə yetirilməklə, 2005-ci ilin eyni dövrü ilə müqayisədə 85,1 faiz artmışdır. Təsdiq olunmuş gəlirlər proqnozuna Vergilər Nazirliyi tərəfindən 100,3 faiz, Dövlət Gömrük Komitəsi tərəfindən 102,1 faiz əməl edilmişdir. Dövlət büdcəsinin xərcləri 2 milyard 421 milyon manat təşkil etməklə, ötən ilin eyni dövrü ilə müqayisədə 934 milyon manat və ya 63 faiz çox olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə, ayrı-ayrı xərc bölmələri üzrə ciddi artımlara nail olunmuşdur. O cümlədən, sənaye və tikinti xərcləri üzrə 424,3 faiz. İqtisadi fəaliyyətlə bağlı Sahibkarlığa Kömək Milli Fondunun iqtisadi islahatları həyata keçirməsi, müəssisələrin özəlləşdirilməsinin asanlaşdırılması xərcləri nəzərdə tutulubdur. Xərclər 125,1 faiz, müdafiə xərcləri 101,9 faiz, kənd təsərrüfatı xərcləri 44,1 faiz, mədəniyyət xərcləri 33,6 faiz, səhiyyə xərcləri 32,6 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 30,4 faiz, təhsil xərcləri 26,7 faiz icra olunmuşdur.
Cari ilin doqquz ayında xərclərin 37 faizi və ya 895 milyon manatı sosial yönümlü olmuşdur ki, bu da 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 133 milyon manat çoxdur. Cari ilin altı ayının yekunlarına həsr edilmiş müşavirədən ötən dövr ərzində, ənənəvi olaraq, ölkə başçısı tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra Sərəncamlar imzalanmışdır. Belə ki, təhsil işçilərinin aylıq vəzifə maaşları 1 oktyabrdan orta hesabla 25 faiz artırılmış, yaşa görə əmək pensiyasının baza hissəsi 35 manata çatdırılmış, dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən 134 yaşayış məntəqəsində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan 4336 nəfərin əmək haqlarına 10 faiz həcmində əlavələr müəyyən edilmişdir.
Cari ilin ötən dövrü ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında xüsusi xidmətləri olan 129 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. Ölkə Prezidentinin silahlı qüvvələrə olan qayğısının təzahürü kimi, cari ilin iyulun 1-dən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi qoşunlarının vəzifə maaşları orta hesabla 100 faiz artırılmışdır.
Hesabat dövründə dövlət büdcəsinin investisiya xərclərinin əhəmiyyətli dərəcədə artımına nail olunmuşdur. Bu məqsədlə 2005-ci ilin doqquz ayına nisbətən 6 dəfə çox və ya 628,1 milyon manat vəsait sərf edilmişdir. Həmin vəsait əsasən enerji və yol nəqliyyatı infrastrukturlarına, təhsil, səhiyyə, mədəniyyət sahəsində və aqrar sektorda həyata keçirilən layihələrin və tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Ölkəmizin enerji təhlükəsizliyinin və regionların elektrik enerjisinə və qaza olan tələbatını ödəmək məqsədi ilə 5 modul tipli elektrik stansiyası tikintisinin maliyyələşdirilməsi cari ildə də davam etdirilmiş, bu məqsədə hesabat dövründə 204 milyon manat ayrılmışdır. Naxçıvan Muxtar Respublikasının, Lerik və Yardımlı rayonlarının qazlaşdırılmasına 24 milyon manat vəsait yönəldilmişdir.
Bakı şəhərində nəqliyyat problemlərinin həlli istiqamətində görülən tədbirlərin davamı kimi yol ötürücülərinin, yeraltı keçidlərin tikintisinə 55 milyon manat, metronun şimal hissəsinin tikintisinə 11,4 milyon manat sərf olunmuşdur. Respublikamızın magistral və şəhərlərarası yollarının tikintisinə və əsaslı təmirinə 56,5 milyon manat vəsait xərclənmiş, olkənin bir sıra qədim və ucqar kəndlərinə yollar çəkilmişdir.
Daha sonra maliyyə naziri 2007-ci il büdcə layihəsinin əsas parametrləri barədə məlumat verdi.
İqtisadi inkişaf naziri HEYDƏR BABAYEV keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında ÜDM-in 34 faiz artdığını və bu rəqəmin ümumdünya göstəricisindən 5 dəfə çox olduğunu bildirdi.
Nazir dedi ki, bu inkişaf ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün işləyib hazırladığı və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyasının məntiqi nəticəsidir. Mən neft sektoruna dair geniş məlumat vermək istəmirəm, çünki cənab Prezidentin ilin birinci yarısının yekunlarına dair müşavirədə qeyd etdiyi kimi, artıq bu sahədə işlər qurulub, inkişaf təmin edilibdir. 9 ayın yekunlarına görə, neft sektorunda hasilatın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 46,9 faiz çox olmuşdur. İndi bizim qarşımızda duran ən mühüm vəzifə neft gəlirlərinin səmərəli istifadəsini təmin etməklə qeyri-neft sektorunun inkişafını sürətləndirmək və sosial problemləri həll etməkdir. Mən bu istiqamətdə 2006-cı ilin 9 ayının yekunlarının bəzi məqamları üzərində qısaca dayanmaq istərdim.
İlk növbədə, qeyd etmək lazımdır ki, neft-qaz sektorundakı uğurlar bizi qane etsə də, hesabat dövründə digər istehsal sahələrinin inkişaf sürətində müşahidə olunan meyillər bizi qane etmir. 9 ayın yekunlarına görə, qeyri-neft sənaye sahələrində məhsul istehsalı cəmi 7,3 faizədək artmışdır. Müqayisə üçün deyim ki, 2005-ci ilin eyni dövründə bu göstərici 16,7 faiz olmuşdur.
Ölkədə əhalinin məşğulluğunun 39 faizdən çoxunu və qeyri-neft sahəsində ixracın 27 faizini təmin edən aqrar sektorda ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal 1 faiz aşağı düşmüşdür. Hesab edirəm ki, bu vacib sahənin inkişafının təmin edilməsi üçün kənd təsərrüfatının inkişaf strategiyası tez bir zamanda qəbul olunmalı və sahənin inkişafına dair məqsədyönlü proqramlar hazırlanaraq həyata keçirilməlidir. Cənab Prezidentin tapşırığı əsasında bir sıra tədbirlər artıq görülmüşdür. Belə ki, kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin müddəti 2009-cu ilədək uzadılmışdır. Fermerlərin texnika və gübrə ilə təmin edilməsi məqsədi ilə “Aqrolizinq” Səhmdar Cəmiyyəti və onun yerlərdə bölmələri yaradılmışdır. Hesabat dövründə texnikanın və gübrələrin alınmasına ötən illə müqayisədə 55 faiz çox vəsait ayrılmışdır. Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin 26 faizdən çoxu kənd təsərrüfatına yönəldilmişdir.
Azərbaycanın ümumi daxili məhsulunda böyük xüsusi çəkiyə malik olan xidmətlər sahəsində son illərdə müşahidə olunan ciddi yüksəliş davam etmişdir. Cari ilin ötən dövründə xidmətlərin həcmi 9,8 faiz, o cümlədən nəqliyyat xidmətləri 13,1 faiz, rabitə xidmətləri 22,7 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 40,1 faiz artmışdır. Bu, bir tərəfdən, istehsalın inkişafı ilə bağlıdırsa, digər tərəfdən, əhalinin maliyyə imkanlarının yaxşılaşmasından xəbər verir.
Hörmətli müşavirə iştirakçıları!
Bildiyiniz kimi, hər bir iqtisadiyyatın davamlı inkişafının ən mühüm və həlledici şərti investisiya qoyuluşlarının həcmi və keyfiyyətidir. Cari ilin 9 ayında ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına ötən ilin müvafiq dövrünə nisbətən 16,4 faiz çox investisiya qoyulmuşdur. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ölkənin maliyyə imkanlarının genişlənməsi nəticəsində daxili investisiyalar xarici investisiyalara nisbətən təxminən 9 dəfə yüksək sürətlə artmışdır. Bu gün investisiyaların ümumi həcmində daxili investisiyaların xüsusi çəkisi 2005-ci ilin eyni dövründəki 29 faizdən 32 faizə çatmışdır. Əvvəlki dövrlə müqayisədə ümumi investisiya qoyuluşlarında daxili investisiyaların xüsusi çəkisinin yüksəlməsi yerli investorların potensialının güclənməsini və investisiya qoymaq imkanlarının genişlənməsini göstərir. Büdcə gəlirlərinin artması dövlətin investisiya imkanlarını artırır və qeyri-neft sektorunun inkişafına bilavasitə dəstək olacaq infrastrukturun yenidən qurulmasına və insan kapitalının daha sürətlə inkişafına zəmin yaradır. Hesabat dövründə dövlət investisiyaları 5,4 dəfə artmışdır.
Dövlət tərəfindən investisiyaların artırılması həm qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək, həm regionların inkişafının sürətləndirilməsinə, həm də sosial problemlərin həllinə kömək edəcəkdir. Cənab Prezident, Sizin verdiyiniz tapşırıqlara əsasən, 2007-2010-cu illər üçün dövlət investisiya proqramı hazırlanarkən həm ənənəvi infrastruktur sahələrinin, yəni nəqliyyat, kommunal sahələr, həm də yeni infrastruktura aid edilən təhsil, səhiyyə, idman və ətraf mühitin qorunması sahələrinin inkişafı başlıca prioritet kimi müəyyən edilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də regionların tarazlı və davamlı inkişafıdır. Təsadüfi deyil ki, cənab Prezident 2004-cü ildə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasını daim diqqətdə saxlayır. Proqrama əlavə olaraq, cari il ərzində Şəki, Balakən, Qax, Zaqatala, Daşkəsən, Ağsu, Zərdab, Ucar rayonlarının inkişafının sürətləndirilməsinə dair tədbirlərin həyata keçirilməsinə dair əlavə tapşırıqlar vermişdir. Qəbul olunmuş proqramların icrası sayəsində hesabat dövründə regionlarda magistral və rayonlararası yollar, “Kür” elektron avadanlığı zavodu, bir sıra iri kənd təsərrüfatı məhsulları emalı müəssisələri, tikinti materialları istehsal edən müəssisələr, yüngül sənaye müəssisələri yaradılmış, onlarca təhsil, səhiyyə və idman obyektləri tikilmiş və ya yenidən qurulmuşdur. Əhalinin və sahibkarların kommunal xidmətlərlə təminatının ödənilməsi məqsədi ilə regionlarda qaz kəmərləri, su xətləri çəkilir, ümumi gücü 1100 meqavat təşkil edən elektrik stansiyaları tikilir.
Bütün görülən tədbirlərin nəticəsidir ki, 2006-cı ilin oktyabrınadək 470 min yeni iş yeri yaradılmışdır ki, bunun da 225 mindən çoxu daimidir. Təkcə cari ilin 9 ayı ərzində 130 mindən çox yeni iş yeri yaradılmışdır.
Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır. Hazırda ÜDM-in 78 faizi, məşğulluğun 71 faizi və dövlət büdcəsi gəlirlərinin 53 faizi məhz özəl sahibkarlıq subyektləri tərəfindən təmin edilir.
X X X
Təhsil naziri MİSİR MƏRDANOV çıxışında son üç ili ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatlarının uğurla həyata keçirilməsində yeni mərhələ kimi səciyyələndirərək dedi:
- Cənab Prezident, son üç ildə ölkəmizdə 735 yeni məktəb binası inşa edilmiş, 785 məktəb əsaslı təmir olunmuş, 71 məktəb bərpa edilmişdir. Cari ildə 100 mindən çox şagird yerlik 288 yeni məktəb tikilir. O cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100-dən çox məktəbin inşası aparılır. Tikintisi bu il başa çatdırılan məktəblərdə şagird yerlərinin sayı ötən ildəkinə nisbətən 2 dəfədən çoxdur. 2007-ci ildə də bu sahədə işlər davam etdiriləcək, 105 min 560 şagird yerlik 292 yeni məktəbin inşasına başlanacaqdır. 100-dən çox məktəb əsaslı təmir ediləcəkdir.
Lakin 300-dən çox məktəbin hələ də qəza vəziyyətində olması, daha çox sayda məktəbin əlverişli şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşməsi, bir sıra məktəblərdə şagird sıxlığının yüksək olması, istilik təchizatı və sair məsələlər - bu sahədə problemlərin hələ də qaldığını göstərir. Ən ciddi məsələlərdən biri də məktəblərin müasir avadanlıqla - masa, yazı taxtası, stul, digər avadanlıq və təlim vasitələri ilə təminatıdır. Son illər bu problemlərin həlli üçün yerli büdcədən müəyyən qədər vəsait ayrılsa da, aparılan təhlil göstərir ki, həmin vəsaitdən heç də hər yerdə səmərəli istifadə olunmamış, əsasən keyfiyyətsiz və istismar müddəti çox az olan avadanlıq alınmışdır. Eyni fikirləri məktəblərin təmiri ilə bağlı da söyləmək olar. Hesab edirik ki, bu məsələlər mərkəzləşdirilmiş qaydada həyata keçirilsə, daha səmərəli olar. Cənab Prezident, məktəblərdə olarkən özünüz bunları müşahidə etmisiniz.
Ötən il mərkəzləşdirilmiş vəsait hesabına 30 məktəb müasir avdanlıqla təmin edilmişdisə, cari ildə belə məktəblərin sayı 248-ə çatmışdır. 2007-ci ildə də bu işlər daha böyük sürətlə davam etdiriləcəkdir.
Cənab Prezident, Sizin təsdiq etdiyiniz İKT proqramına müvafiq olaraq, 2005-ci ildə 218 məktəb kompyuterlə təmin edilmişdisə, cari ildə belə məktəblərin sayı 841-ə çatacaq, 435 məktəbə isə noutbuk və proyektorlar veriləcəkdir. Eyni zamanda, biz yaxşı başa düşürük ki, məktəblərə kompyuterlərin verilməsi işin yalnız başlanğıcıdır. Əsas məsələ onlardan səmərəli istifadə olunması, İKT-nin təlim prosesində, idarəetmədə, təhsil tədqiqatlarında bir vasitə kimi tətbiq edilməsidir. Məhz bu səbəblərdən İKT ilə təminat sahəsində ən ciddi işlərimizdən biri ayrı-ayrı fənlər üzrə elektron təlim materiallarının hazırlanmasıdır. Cənab Prezident, artıq Azərbaycan tarixi, biologiya, kimya, fizika fənləri üzrə bu materiallar məktəblərə çatdırılır. İcazə verin, Azərbaycan tarixi və biologiya fənləri üzrə elektron təlim materiallarından qısa nümunələri yüksək diqqətinizə təqdim edim.
(Slaydlar vasitəsilə elektron təlim materiallarının qısa nümunələri göstərildi, ayrı-ayrı fənlər üzrə hazırlanmış kadrlar nümayiş etdirildi).
Təhsil naziri çıxışına davam edərək dedi ki, bu materiallar bütün məktəblərə çatdırılacaq və şagirdlər onlardan istifadə edəcəklər.
Cənab Prezident, “Elektron məktəb” layihəsini də yüksək diqqətinizə təqdim etmək istəyirəm. Bu layihə məktəbdə çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsinə, şagirdlərin dərsə davamiyyətinə nəzarətə, məktəblərarası elektron əlaqələrin genişlənməsinə, ən vacibi isə, şagirdlərin nailiyyətləri barədə dərhal məlumatlandırmaya zəmin yaradır. Yəni, uşaq evdən gəlib məktəbə daxil olan kimi valideynin məlumatı olacaq və hər bir uşağın aldığı qiymət barədə valideynin mobil telefonuna məlumat veriləcəkdir. Bu layihənin Bakı şəhəri məktəblərində həyata keçirilməsi üçün təxminən 2 milyon manat vəsait tələb olunur.
Cənab Prezident, onu da yüksək diqqətinizə çatdırım ki, bu il 4000-dən artıq müəllim işlə təmin olunmuş, onlardan 1000 nəfərdən çoxu daha böyük ehtiyac olan ucqar kəndlərə göndərilmişdir.
Məktəblər üçün milli-mənəvi dəyərləri özündə əks etdirən, həm məzmun, həm də poliqrafik cəhətdən müasir tələblərə cavab verən yeni nəsil dərsliklərin hazırlanması və bütün şagirdlərə pulsuz çatdırılması, fikrimizcə, son 3 ilin ən böyük nailiyyətlərindəndir. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, bu problemi artıq tam həll edibdir.
Cənab Prezident, məktəblərin latın qrafikası ilə çap olunmuş dərsliklər, dərs vəsaitləri, əlavə oxu materialları ilə təminatı da öz həllini tapıb, digər təlim materialları və xəritələrlə təminat istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Daha iki nailiyyəti də yüksək diqqətinizə çatdırmaq istərdim. Son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında məktəblilərimiz 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazanaraq, dünyanın aparıcı universitetlərinə imtahansız qəbul olunmuşlar və hazırda təhsillərini davam etdirirlər. Ali məktəblərə qəbulun nəticələrinin təhlilindən görünür ki, göstəricilər ildən-ilə yüksəlmiş, 600-dən çox bal toplayanların sayı 2002-ci ilə nisbətən bu il 6 dəfə artmışdır.
Cənab Prezident, bildiyiniz kimi, ölkəmizdə 4500-dən çox məktəb vardır. Əlbəttə, bu məktəblərin hamısında qısa müddət ərzində yüksək keyfiyyət göstəricilərinə nail olunması qeyri-mümkündür. Biz bunu etiraf edirik. Ona görə təklif edirik ki, Sizin təsdiq etdiyiniz istedadlı uşaqların təhsili barədə proqramın həyata keçirilməsi baxımından hər bir rayonda bir və ya bir neçə “İstedadlar məktəbi” yaradılsın. Onu da deməyi vacib hesab edirəm ki, hazırda nazirliyin birbaşa tabeliyində 10 orta məktəb vardır. Cari ildə imtahanların nəticələri göstərmişdir ki, həmin məktəblərin məzunlarının 70-100 faizi 600-ə qədər bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Bunlarda təhsilin keyfiyyətinin yüksək olmasının əsas səbəblərindən biri idarəetmənin düzgün qurulmasıdır.
Möhtərəm cənab Prezident!
Təhsilimizin ilbəil inkişafı, qazanılan uğurlar göz qabağındadır. Cənab Prezident, mübaliğəsiz demək istəyirəm ki, bütün bu uğurlar Sizin təhsil sisteminə göstərdiyiniz diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Əsas vəzifəmiz bu etimadı şərəflə doğrultmaq, nailiyyətləri daha da möhkəmləndirmək, dünya təhsil təcrübəsindəki ən mütərəqqi ideyaları mənimsəyib yaradıcı şəkildə tətbiq etməkdən ibarət olmalıdır.
Cənab Prezident, Sizi əmin edirəm ki, Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə yekun nitqi söylədi.