AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniyaya səfərinin rəsmi hissəsi başlanmışdır. Həmin gün Sloveniya Prezidentinin iqamətgahında - “Brdo Pri Kranyu” qəsrində dövlətimizin başçısının rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısındakı meydanda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Sloveniya Prezidenti Yanez Drnovşek Azərbaycan Prezidenti İlham Əliyevi və xanımını böyük ehtiramla qarşıladı.
Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Yanez Drnovşek fəxri qarovul dəstəsinin önündən keçdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı Sloveniya əsgərlərini salamladı.
Sloveniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sloveniya Prezidenti Yanez Drnovşekə təqdim olundu.
Sonra dövlət başçıları xatirə şəkli çəkdirdilər.