AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısını mehribanlıqla və səmimiyyətlə salamlayan Prezident Vladimir Putin onun Moskvaya işgüzar səfərindən çox məmnun olduğunu qeyd edərək, Azərbaycan Prezidenti ilə ikitərəfli problemlərin müzakirəsi üçün daha bir imkan yarandığını bildirdi və görüşün tam qarşılıqlı anlaşma şəraitində keçəcəyinə əminliyini vurğuladı.
Rusiya Prezidentini yenidən görməyindən məmnunluğunu söyləyən Prezident İlham Əliyev dedi ki, bu, onun prezident seçildikdən sonra Moskvaya üçüncü səfəridir və bu səfərlər ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır.
Azərbaycanla Rusiya arasında mal dövriyyəsinin dinamik şəkildə artmasından razılığını bildirən Prezident İlham Əliyev, eyni zamanda, ikitərəfli siyasi dialoqun da yüksək səviyyədə olduğunu vurğuladı və dedi ki, bütün bunlar xalqlarımızın mənafeyi naminə əlaqələri inkişaf etdirmək üçün geniş imkanların mövcudluğunu sübut edir.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya öz səylərini artıracaqdır.
Prezident Vladimir Putin Azərbaycan dövlətinin başçısına müraciətlə dedi: “Mən çox şadam ki, Sizin Moskvaya səfərinizin şəxsi aspekti var. Mənə məlumat verdilər ki, Sizi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 60 illiyinə həsr olunmuş mərasimdə çox böyük hərarətlə qarşılayıblar. Siz artıq özünüzü moskvalı kimi hiss edirsiniz”.
Dövlətimizin başçısı ömrünün 10 ilinin həmin institutla bağlı olduğunu və burada çoxlu dostlar qazandığını xatırlatdı.
Görüşdə Prezident İlham Əliyevin 2004-cü ilin fevralında Rusiyaya səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi, mal dövriyyəsinin iki dəfə artırılması barədə qarşıya qoyulmuş vəzifənin icrası, terrorizmə qarşı mübarizə sahəsində Rusiya və Azərbaycanın birgə fəaliyyətinin gücləndirilməsi perspektivləri də müzakirə olundu. Tərəflər beynəlxalq terrorizmə qarşı mübarizədə bütün dünya ictimaiyyətinin səylərinin artırılmasının zəruriliyini bildirdilər.
Dövlət başçıları habelə Qafqaz regionunda vəziyyətlə əlaqədar fikir mübadiləsi apardılar. Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prezidentlər səviyyəsində keçirilən görüşlərin davam etdirilməsini alqışlayaraq söylədi ki, Rusiya bu münaqişənin məqbul həlli yollarının tapılması üçün tərəflərə fəal yardım etməyə hazırdır.
X X X
Dövlət başçıları görüşdən sonra Kremldə birgə nahar etdilər.