AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNANIN BAŞ NAZİRİ VİKTOR YANUKOVİÇLƏ GÖRÜŞÜ
Prezident İlham Əliyev andiçmə mərasimində iştiraka görə Ukrayna tərəfinə təşəkkürünü bildirdi və xoş arzularını Prezident Leonid Kuçmaya yetirməyi xahiş etdi. O dedi ki, Heydər Əliyevin və Leonid Kuçmanın siyasəti sayəsində Azərbaycanla Ukrayna, xalqlarımız arasında mehriban dostluq münasibətləri yaranmışdır və bu münasibətləri Azərbaycanda çox əziz tuturlar. Ölkələrimiz beynəlxalq həyatın bir çox məsələlərində çox vaxt eyni mövqelərdən çıxış edirlər. Dövlətimizin başçısı əmin etdi ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də genişlənəcək və möhkəmlənəcəkdir.
Ukraynanın Baş naziri seçkilərdə inamlı qələbə münasibətilə İlham Əliyevi Ukrayna Prezidenti Leonid Kuçmanın adından və öz adından təbrik edərək dedi ki, prezidentlər Heydər Əliyevin və Leonid Kuçmanın uğurlu siyasəti sayəsində çox böyük stimul alan Azərbaycan-Ukrayna münasibətləri daha da inkişaf edəcəkdir. O, ikitərəfli əlaqələrin strateji xarakter daşıdığını qeyd edərək vurğuladı ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişdir. İqtisadi əlaqələr də yaxşı sürətlə inkişaf edir. Son vaxtlar ölkələrimiz arasında əmtəə dövriyyəsinin artdığı müşahidə olunur. Viktor Yanukoviç iqtisadi mənafelərin öncüllüyündən danışaraq nəzərə çarpdırdı ki, Ukrayna Azərbaycana kənd təsərrüfatı məhsulları göndərməkdə və Xəzər neftinin Odessa-Brodı boru kəməri ilə nəql edilməsində maraqlıdır. O, yaxın vaxtlarda Ukraynaya səfər etmək barədə Leonid Kuçmanın dəvətini Azərbaycanın yeni Prezidentinə təqdim etdi.
Prezident İlham Əliyev Ukrayna şirkətlərinin ölkəmizin iqtisadi həyatında fəal iştirakından söhbət açaraq, Xəzər neftinin Odessa-Brodı boru kəməri ilə nəql edilməsi, habelə Azərbaycanda kənd təsərrüfatı istehsalı səviyyəsinin yüksək olmasına baxmayaraq, Ukraynadan kənd təsərrüfatı məhsulları idxalı ideyasını dəstəklədi.
Ukraynanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Anatoli Raxanski AŞPA üzvlərinin tapşırığı ilə İlham Əliyevi ali dövlət vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, AŞPA-nın fəaliyyətində onun böyük xidmətlərini vurğuladı, Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Şərəf və ləyaqət” Qızıl Ulduzunu ona təqdim etdi.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko iştirak edirdi.