AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də, Minskdə Belarus Prezidentinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.
Prezident Aleksandr Lukaşenko xalqımızın ümummilli lideri Heydər Əliyevin iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərini xatırladaraq, bu münasibətlərin indiyədək qorunub saxlandığını vurğuladı və dedi ki, rəsmi Minsk Azərbaycanla istənilən sahədə əməkdaşlıq etməyə hazırdır.
Prezident İlham Əliyev iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin əhəmiyyətli olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olundu.