AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, aprelin 4-də, rəsmi qarşılanma mərasimindən sonra Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin təkbətək görüşü olmuşdur.
Azərbaycanın Prezidenti Türkiyənin dövlət başçısının Bakıya rəsmi səfərini yüksək qiymətləndirdi, bu səfərin dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə yeni təkan verəcəyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin tutduğu mövqeyə və Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Prezident Əhməd Necdət Sezər Azərbaycanla bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu söylədi, beynəlxalq təşkilatlarda mövcud əməkdaşlığın gələcəkdə də davam edəcəyini və Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcəklərini xüsusi vurğuladı.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq layihələr, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.