REGİONLAR
Azərbaycan Prezidentinin Lənkəranda keçirilmiş müşavirədəki nitqi hər bir sahibkar üçün fəaliyyət proqramıdır
Lənkəran, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı sentyabrın 6-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ümumrayon toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov respublika müşavirəsində ölkə başçısının qarşıya qoyduğu vəzifələrdən danışaraq onların icrası istiqamətində görüləcək tədbirlər barədə məlumat verib.
T.Qaraşov bildirib ki, dövlətimizin başçısının Lənkərana növbəti səfəri rayon sakinlərinin yaddaşında uzun müddət qalacaq. Bu səfər həm də Lənkəranın tarixinə qızıl hərflərlə yazılan əlamətdar hadisə oldu.
Hazırkı dövrdə ərzaq təhlükəsizliyinin prioritet məsələyə çevrildiyini vurğulayan icra başçısı Prezident İlham Əliyevin müşavirədəki dərin məzmunlu nitqinin hər bir fermer, sahibkar, iş adamı üçün icrası vacib və strateji əhəmiyyət daşıyan fəaliyyət proqramı olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin Lənkərana səfərindən dərhal sonra Lənkəran Olimpiya İdman Kompleksinin yeni binasının tikintisinin davam etdirilməsi və şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün və fasad hissəsinin təmiri ilə bağlı müvafiq vəsaitin ayrılması barədə imzaladığı sərəncamlar rayonun sosial-iqtisadi inkişafına göstərilən davamlı dəstəyin növbəti nümayişi və lənkəranlıların fədakar əməyinə verilən yüksək qiymətdir.
Qarşıda çox mühüm vəzifələrin olduğunu söyləyən icra başçısı Prezident İlham Əliyev tərəfindən göstərilən etimadı doğrultmaqdan ötrü bütün sahələrdə işin sürətləndirilməsinin vacibliyini bildirib.
Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, “Yaşıl çay” MMC fermer təsərrüfatının rəhbəri Araz Yaqubov, ziyalı Əlimərdan Əliyev, ağsaqqal Bülbül Sadıxov və başqaları çıxış edərək Lənkəranda çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı ilə əlaqədar fikir və təkliflərini söyləyiblər.
Sonda müşavirə iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.