AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Telefon danışığı zamanı prezidentlər Gürcüstanda parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyəti müzakirə etmişlər. Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, Gürcüstan rəhbərliyi yaranmış böhranlı vəziyyətdən konstruktiv çıxış yolu tapacaq və ölkədə iğtişaş yaratmaq planlarının həyata keçməsinə imkan verməyəcəkdir.
Azərbaycan Prezidenti Gürcüstanda sabitliyin qorunub saxlanmasının zəruriliyini xüsusi qeyd etmiş və bu istiqamətdə Prezident Şevardnadzenin atdığı addımları dəstəklədiyini bildirmişdir.
Prezidentlər Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinə, strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiklərini, bu münasibətlərin daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulamışlar.
Prezident İlham Əliyev Azərbaycan Prezidentinin andiçmə mərasimində iştirak etdiyi üçün Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə minnətdarlığını ifadə edərək demişdir ki, bu addım xalq tərəfindən Prezident Əliyev ilə Prezident Şevardnadzenin əsasını qoyduqları dostluq münasibətlərinin davamı kimi qiymətləndirilmişdir.
Gürcüstan Prezidenti daha sonra Heydər Əliyevin səhhəti ilə maraqlanmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Heydər Əliyevin səhhəti sabitdir və o, müalicə kursunu davam etdirir.
Sonda Prezident Eduard Şevardnadze Gürcüstandakı vəziyyətlə maraqlandığı və bununla bağlı narahatlıq keçirdiyi üçün Prezident İlham Əliyevə təşəkkür etmişdir.