AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Qəbul zamanı səfir Şantal Puare bu ayın əvvəllərində Fransada olduğunu, ölkəsinin rəsmiləri ilə görüşlər keçirdiyini qeyd etmiş və seçkilərdə qələbə qazanmağı münasibətilə Prezident İlham Əliyevə Fransa Respublikasının Prezidenti Jak Şirakın təbriklərinin bir daha çatdırılmasının ona tapşırıldığını bildirmişdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Fransa arasında formalaşmış dostluq və sıx əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edərək, bu münasibətlərin daha da genişləndirilməsinin və möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır. O, Fransa Respublikasının Prezidenti Jak Şirakın ona ünvanladığı təbriklərə görə, səfir Şantal Puaredən onun təşəkkürünü Fransa Prezidentinə çatdırmağı xahiş etmişdir.
Görüşdə, eyni zamanda, Azərbaycanda keçirilən prezident seçkiləri və onun nəticələri, seçkidən sonrakı vəziyyət, Azərbaycan ilə Fransa arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda Fransa Respublikasının səfiri xanım Şantal Puare Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.