AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Prezident İlham Əliyev noyabrın 20-də İstanbulda çoxlu insanın ölümünə və yaralanmasına səbəb olmuş terror aktlarının Azərbaycan xalqında dərin kədər hissi doğurduğunu bildirmişdir. Dövlətimizin başçısı qardaş Türkiyə xalqına üz vermiş faciəyə görə kədərləndiyini bildirmiş, onun və Azərbaycan xalqının dərin hüznlə başsağlığını həlak olanların yaxınlarına və qohumlarına çatdırmağı xahiş etmişdir.
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan törədilmiş qanlı terror aktları nəticəsində Türkiyə xalqının kədərinə şərik olduğuna görə, dost və qardaş Azərbaycan xalqına, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmiş, terorrçuların tezliklə aşkar edilib cəzalandırılacaqlarını demişdir.
Cənab Rəcəb Tayyib Ərdoğan cənab Heydər Əliyevin səhhəti ilə maraqlanmış, tezliklə sağalıb Vətənə qayıtmasını arzulamış və səmimi salamlarını ona çatdırmağı cənab İlham Əliyevdən xahiş etmişdir.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan beynəlxalq terrorizmə qarşı mübarizədə dünya xalqlarının həmrəyliyinin, birliyinin və yekdilliyinin vacibliyini bildirmişdir.