AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2001-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Prezidentinin yanında 2002-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı işlərin və cari dövrdə büdcəyə ödəmələrin vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Müşavirədə müzakirə olunan məsələlər barədə iqtisadi inkişaf, maliyyə və vergi nazirlərinin məlumatları dinlənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev müşavirə iştirakçılarına iqtisadiyyatın əsas inkişaf göstəricilərini əks etdirən 2002-ci il üçün makroiqtisadi proqnozların və dövlət büdcəsi layihəsinin vaxtında hazırlanıb Milli Məclisə təqdim olunmasını, büdcə layihəsində vergilərin daha dolğun yığılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin nəzərdə tutulmasına xüsusi diqqət verməyi tapşırmışdır.
Eyni zamanda, ölkəmizin başçısı müəssisə və təşkilatlarda maliyyə intizamının gücləndirilməsi, dövlət büdcəsinə ödəmələrin vaxtında yerinə yetirilməsi sahəsində mövcud nöqsanların tezliklə aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini vurğulamış və bu işdə müvafiq dövlət orqanları rəhbərlərinin böyük məsuliyyət daşıdıqlarını onların nəzərinə çatdırmışdır.
Müşavirədə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, Prezidentin İcra Aparatının məsul işçiləri, müvafiq nazirliklərin, dövlət komitələrinin, şirkətlərin, konsernlərin, səhmdar cəmiyyətlərin rəhbərləri iştirak etmişlər.