AZƏRBAYCAN RESPUBLİKASINDA SEÇKİ PRAKTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
Ə.Həsənov hakimiyyətin bu seçkilərin tam demokratik, azad və şəffaf keçirilməsində maraqlı olduğunu, bunun təmin olunmasına maneçilik törədən, seçki qanunvericiliyini pozan və ya pozmağa cəhd göstərən şəxslərin ciddi cəzalandırılacaqlarını bildirmişdir. Onun sözlərinə görə, Azərbaycan xalqının iradəsini əks etdirməyən, seçicilərin maraqlarını təmin etməyən seçkilərin nəticələri tanınmayacaqdır.
Avropa Şurasının Azərbaycandakı informasiya ofisinin icraçı direktoru İlqar İbrahimli AŞ Nazirlər Komitəsinin seçkilərin azad və şəffaf keçirilməsində ölkəmizə yardım məqsədi ilə plan hazırladığını diqqətə çatdırmışdır. İFES-in Azərbaycan üzrə direktoru Dan Blessinqton, BMM-in direktoru Cəfər Cəfərov tədbirin məqsəd və məramından, qarşıda duran vəzifələrdən danışmışlar.
Sonra seminarda beynəlxalq seçki standartları, Azərbaycan Prezidentinin fərman və sərəncamları, qeyri-seçki rəsmilərinin seçkilərdə rolu, Seçki Məcəlləsinin pozulmasına qarşı MSK tərəfindən görüləcək tədbirlər, polisin müdaxilə edə biləcəyi fövqəladə hallar, müşahidəçilərin rolu və digər mövzularda müzakirələr aparılmışdır.
İFES-in, AŞ-nin, MSK-nın nümayəndələri, beynəlxalq ekspertlər müzakirə olunan məsələlərlə bağlı təklif və tövsiyələrini vermişlər.