AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Daimi beynəlxalq katibliyi adından səmimi qəlbdən təbrik edim.
QİƏT-in təsisçi dövlətlərindən biri olaraq Azərbaycan Respublikası bir çox praktiki sahələrdə səmərəli regional əməkdaşlığa öz töhfəsini hər zaman uğurla vermişdir.
Sizin hörmətli ölkənizin ənənəvi sıx əməkdaşlıq ruhu və Xarici İşlər Nazirliyinin fəal dəstəyi Azərbaycan Respublikasının son altı ayı əhatə edən görkəmli və nəzərəçarpacaq qədər dinamik sədrliyi ilə bir daha vurğulanmışdır.
Fürsətdən istifadə edərək, bir daha vurğulamaq istərdim ki, Zati-aliləriniz ilə keçirilmiş bir sıra görüşlərdə Sizin regional əməkdaşlığa baxışınız və böyük əhəmiyyət kəsb edən konkret regional layihələrin həyata keçirilməsinə töhfəniz məndə dərin təəssürat oyatmışdır.
Bununla əlaqədar olaraq, rüsxət verin, Bakıda sentyabrın 19-da QİƏT-in energetika nazirlərinin, sentyabrın 25-26-da QİƏT regionunda turizm imkanlarına dair beynəlxalq konfransın və oktyabrın 3-də Qara dəniz və Xəzər dənizi hövzələri ölkələrinin nəqliyyat nazirlərinin toplantılarının uğurla keçirilməsinə və Azərbaycan hökuməti tərəfindən iştirakçılara göstərilən qonaqpərvərliyə görə bir daha minnədarlığımızı və səmimi təşəkkürümüzü ifadə edim.
Həmişə Sizin sərəncamınızda olmaqla, Azərbaycan Respublikasının uğurlu sədrliyinə töhfə verməyə hazır olduğumuzu bildirərək, icazə verin, Zati-alilərinizi əmin edim ki, Azərbaycan Respublikası ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında sıx işbirliyinin daha da inkişafı üçün QİƏT-in Daimi beynəlxalq katibliyi mümkün olan hər şeyi edəcəkdir.
Fürsətdən istifadə edərək, Baş nazir, mənim ən xoş arzularımı, dərin hörmət və yüksək ehtiram hisslərimi qəbul etməyinizi xahiş edirəm.
Səfir Valeri Çeçelaşvili
baş katib
İstanbul, 17 oktyabr 2003-cü il.