AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞUNDA ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən xanım Ann Ders Prezident İlham Əliyevin bu ilin aprelində ABŞ-a səfərinin dövlətlərimiz arasında münasibətlərin genişlənməsində yeni mərhələ açdığını bildirmiş, Birləşmiş Ştatların Azərbaycanda gedən müsbət proseslərə, xüsusən demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərə dəstək verdiyini qeyd etmişdir.
Səfirin Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, korrupsiya, insan alveri hallarına qarşı hüquqi mübarizənin vəziyyəti, terrorizm və onun maliyyələşdirilməsinə dair milli qanunvericilikdə gözlənilən dəyişikliklər və planlaşdırılan institusional tədbirlər, mətbuat azadlığı ilə bağlı fəaliyyət barədə suallarını cavablandıran baş prokuror Z.Qaralov, bu sahədə ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və uğurla davam etdirilən islahatlar haqqında ətraflı məlumat vermişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunların və Dövlət proqramının qəbul edildiyi, bu proqrama əsasən bütün hüquq mühafizə orqanlarında daxili təhqiqat qurumları yaradıldığı, vəzifəli şəxslərin korrupsiya əməlləri barədə məlumatların ilkin olaraq həmin qurumlar tərəfindən araşdırıldığı, BMT və Avropa konvensiyalarının ratifikasiya olunduğu, baş prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti haqqında səfirə ətraflı məlumat verilmişdir.
Baş prokuror, həmçinin prokurorluğun fəaliyyətində şəffaflığın artırılmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinin daha çevik və dolğun həyata keçirilməsinə, prokurorluq əməkdaşlarının məsuliyyət hisslərinin yüksəldilməsinə təkan verən "Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyət göstərdiyini, bu, eləcə də prokuror fəaliyyətinin digər sahələrində yeni informasiya texnologiyalarının geniş tətbiq edildiyini, sahələr üzrə məlumat bazaları yaradıldığını diqqətə çatdırmaqla, qlobal təhlükələrlə mübarizə sahəsində ABŞ-ın təcrübəsinin öyərənilməsinin və milli ekspertlərin hazırlanması işinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.
Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, terrorizm, insan alverinə qarşı mübarizə sahəsində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanaraq, ABŞ-ın Ədliyyə Nazirliyi və ölkəmizin hüquq mühafizə orqanları, o cümlədən prokurorluq orqanları arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.