AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA SAHİBKARLAR ŞURASININ BİRİNCİ İCLASI KEÇİRİLƏCƏKDİR
Xəbər verildiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısının artırılmasını, bu sahədə mövcud problemlərin vaxtaşırı təhlil edilərək, tədbirlər görülməsini təmin etmək məqsədi ilə hələ ötən il Azərbaycan Prezidentinin 2002-ci il 27 avqust tarixli Fərmanı ilə Respublika Prezidentinin yanında Sahibkarlar Şurası yaradılmışdı. Ölkəmizin başçısının 2003-cü il 2 may tarixli Fərmanı ilə Sahibkarlar Şurasının əsasnaməsi təsdiq edilmiş və vəzifələri müəyyənləşdirilmişdir. Əsasnaməyə uyğun olaraq, Sahibkarlar Şurası sahibkarlığa dövlət köməyinin istiqamətləri, onların həyata keçirilməsi mexanizmləri, ölkəmizin ayrı-ayrı regionlarında sahibkarlığın dəstəklənməsi tədbirlərinin müəyyənləşdirilməsi, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamalı və dövlətimizin başçısına təqdim etməlidir. Sahibkarlar Şurasının fəaliyyəti sahibkarlığın inkişafına mane olan problemlərin operativ həllində, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hallarının aradan qaldırılmasında, sahibkarlıq subyektləri arasında kooperasiya əlaqələrinin stimullaşdırılmasında, eləcə də onların beynəlxalq işgüzar əlaqələrinin inkişafında xüsusilə əhəmiyyətli olacaqdır. İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 8-də Hyatt Regency otelində Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlıq Şurasının birinci iclası keçiriləcəkdir. İclasda Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin aprel və may aylarında yerli və xarici sahibkarlarla keçirilmiş görüşlərindən ötən bir il ərzində görülmüş işlərə dair məlumat dinləniləcək və müzakirələr aparılacaqdır. Sahibkarlar Şurasının iclasında həmçinin, Azərbaycan Respublikasında “Sahibkarlar günü”nün müəyyən edilməsi və həmin gündə həyata keçiriləcək tədbirlərə dair təkliflərin müzakirəsi də nəzərdə tutulur. “İlin ən yaxşı sahibkarı” müsabiqəsinin keçirilməsi və “Açıq qapı” tədbirlərinin təşkili məqsədilə Şuranın katibliyi tərəfindən hazırlanmış sənədlərin layihələri də Sahibkarlar Şurası üzvlərinin müzakirəsinə çıxarılacaqdır. “Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, birinci iclasda İşçi qrupların yaradılması, Şura sədrinin müavinlərinin və İşçi qrupların rəhbərlərinin seçilməsi də nəzərdə tutulur.