AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Andiçmə mərasimi ilə Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin icrasına başladığınız bir vaxtda mən demokratik, sabit, suveren və firavan Azərbaycanla strateji tərəfdaşlığın inkişafının davam etdirilməsinə Birləşmiş Ştatların sadiqliyini bir daha təsdiq edirəm.
Birləşmiş Ştatlar Azərbaycanla möhkəm dostluqdan qürur duyur. Bir dost kimi biz 15 oktyabr seçkilərinin keçirilməsi ilə bağlı həm ictimaiyyət qarşısında, həm də şəxsi söhbətlərimizdə narahatçılığımızı və təəssüf etdiyimizi bildirdik. Biz həmçinin müxalifət nümayişçilərinin və hökumət orqanlarının zorakı davranışlarından, o cümlədən bu hadisələrdən sonra baş vermiş həbslərdən narahatıq. Ümid edirəm ki, bu problemlərin aradan qaldırılması üçün Sizin qəti səyləriniz elə həyata keçiriləcək ki, qanunun aliliyinə riayət olunsun və ölkəniz demokratiya, siyasi plüralizm və insan hüquqlarına hörmət edən yolla öz inkişafını davam etmiş olsun. Bizim məqsədimiz demokratik prinsiplərə əsaslanan Azərbaycanla möhkəm və çoxşaxəli tərəfdaşlıqdır.
Mən Sizinlə, Azərbaycan Prezidenti ilə və Azərbaycan xalqı ilə ikitərəfli əməkdaşlığımızın dərinləşməsinə çalışacağam. Birləşmiş Ştatlar demokratik və iqtisadi islahatların keçirilməsində Azərbaycana yardım etməkdə öz səylərini davam etdirəcəkdir. Mən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə nail olunmasına sadiq olaraq qalıram. Qafqaz regionu və onun ətrafında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində, terrorçuluğa qarşı mübarizədə ümumi səylərimizin davam etdirilməsi vacibdir. Əminəm ki, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələr gələcək illərdə dərinləşəcəkdir.
Səmimiyyətlə,
Corc Buş,
Amerika Birləşmiş Ştatlarının Prezidenti.