AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Avropa Komissiyası adından Sizə ən xoş arzularımı ifadə edirəm. Avropa Komissiyası hesab edir ki, bu, Azərbaycan üçün əhəmiyyətli bir dövrdür və ümid edirəm ki, səlahiyyət müddətiniz Sizin və ölkənizin xalqı üçün müvəffəqiyyətli olacaqdır.
Mən, Beynəlxalq Seçki Müşahidə Qrupunun (BSMQ) ilkin məruzəsində ümumi seçki prosesinin bir sıra cəhətdən beynəlxalq standartlardan geri qaldığının qeyd olunmasından xəbərdaram. İnanıram ki, Sizin hakimiyyət orqanları düzgün olmayan hərəkətlərə dair ittihamları tam təhqiq edəcək və BSMQ-nin tövsiyələrini bütünlüklə yerinə yetirəcəklər. Avropa Komissiyası əhəmiyyətli sayda seçki məntəqələrində nəticələrin ləğv edilməsi istiqamətində atılan addımları nəzərə alır.
Mən vurğulamaq istərdim ki, Avropa Komissiyası özünün Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verir. Ümid edirəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında demokratiyaya və insan hüquqlarına hörmətə əsaslanmalı olan əlaqələr daha da dərinləşəcəkdir.
İcazə verin, Sizə öz mandatınızın həyata keçirilməsində bir daha uğurlar arzulayım və əlaqələrimizin daha da inkişaf etdirilməsinə ümidimi bildirim.
Sizə yüksək ehtiramımı ifadə edirəm.
Romano Prodi
Avropa Komissiyasının sədri.