AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ailənizə, Azərbaycan xalqına üz vermiş əvəzsiz itki – bütün dünyada tanınmış görkəmli siyasi xadim Heydər Əliyevin həyatdan getməsi ilə əlaqədar şəxsən öz adımdan və sıralarında Rusiya və xarici ölkələrin hüquqşünaslarını birləşdirən Beynəlxalq Hüquqşünaslar İttifaqı və Rusiya Hüquqşünaslar İttifaqı adından dərin başsağlığını qəbul edin. Qüssələnir və bu dərin kədəri Sizinlə bölüşürük. Heydər Əliyev ilə Moskvada və Bakıda keçirdiyimiz görüşlərdən və söhbətlərdən aldığım unudulmaz təəssürat xatirimdə həmişəlik qalacaqdır.
Azərbaycan Respublikasının sabitliyinə, tərəqqisinə, Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasına, qanunçuluğun və asayişin möhkəmlənməsinə, hakimiyyətin demokratik təsisatlarının inkişafına, ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə yönəldilmiş strateji xəttinin davam etdiriləcəyinə əminəm.
İnanıram ki, Azərbaycanla Rusiya arasında tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri Sizin rəhbərliyinizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək ki, bu da təkcə hər iki ölkənin mənafelərinə deyil, həm də regionda sabitliyə və əmin-amanlığa xidmət edəcəkdir.
A.Trebkov
Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri,
Rusiya Hüquqşünaslar İttifaqının prezidenti
Moskva, 15 dekabr 2003-cü il.