AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Biz, Nardaran kəndinin ağsaqqaları Zati-alilərinizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımız və dövlətimiz naminə görəcəyiniz bütün işlərdə böyük uğurlar və nailiyyətlər arzulayırıq.
Müqəddəs Ramazan ayında Allah-təalaya etdiyimiz dualarımızda O Bir Olan Yaradana həmd-səna edirik ki, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycan xalqı öz ülvi arzularına qovuşsun, ilk növbədə, Qarabağ dərdimizə əlac tapılsın, xoş və firavan gələcəyimiz təmin olunsun.
İnanırıq ki, Allahın köməyi, Prezidentimizin iradəsi və xalqımızın birliyi sayəsində doğma Azərbaycanımız bütün bunlara nail olacaqdır.
Möhtərəm cənab Prezident!
Nəzər-diqqətinizə çatdırırıq ki, məlum Nardaran hadisələri zamanı həbs olunmuş 2 ağsaqqalımız- Cəbrayıl Əlizadə və Hacı Əlikram Əliyev hələ də cəzaçəkmə müəssisələrində saxlanmaqda davam edirlər. Əlavə etmək istərdik ki, bu şəxslərin sağlamlıq durumunun qeyri-qənaətbəxş olması onların cəza çəkmələrini, demək olar ki, mümkünsüz edir.
Biz Sizə bütün müsəlmanlar üçün müqqədəs olan, mərhəmət, xeyirxahlıq, məğfirət ayı olan Ramazanda müraciət edirik. Elə bir ayda ki, o zaman görülən işlərin savabı ikiqat, fəziləti isə daha böyükdür.
Nardaran sakinləri adından Zati-alilərinizdən, təbiətinizə xas humanistlik nümayiş etdirərək, Allah rizasına həmkəndlilərimiz C.Əlizadə və Ə.Əliyevin azadlığa buraxılmasını xahiş edirik.
İnanın ki, Nardaran caamatı heç vaxt Sizin bu mərhəmətinizi unutmaz və daim öz Prezidentinə minnətdar olar.
Nardaran tarixən xalqımızın milli-mənəvi dəyərlərini qoruyub saxlayan məkan olmuşdur. Bütün azərbaycanlıların Prezidenti kimi Sizi kəndimizə dəvət etmək istəyirik ki, Zati-aliləriniz bizim sosial problemlərimizlə tanış olmaq imkanı əldə etmiş olsun.
İnanırıq ki, Zati-alilərinizin şəxsən kəndimizə təşrif buyurması xalq tərəfindən böyük rəğbətlə qarşılanacaq, problemlərimizin həllinə təkan verəcəkdir.
Biz Ramazan ayında, Qədr gecələrində Sizin üçün, millətimizin əbədi lideri cənab Heydər Əliyev üçün, ailəniz üçün və bütün Azərbaycan xalqı üçün ürəkdən dualar edəcəyik. Qoy Allah Sizi yerin və göyün bəlalarından hifz etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Nardaran kəndinin ağsaqqalları
hacı Fəyyaz Nəbizadə
hacı Nəriman Quliyev
hacı Hacıağa Nuru
hacı Tofiq Həsənov
hacı Adil Həsənağa oğlu
hacı Seyfulla İsgəndər oğlu
hacı Ağasalah Həsən oğlu Seyfalov
hacı Əli Mir Yusif oğlu Abasov
kərbəlayı Ağaismayıl Möhsüm oğlu
hacı Vaqif Qasım oğlu
hacı Rafiq Həsən oğlu Atakişiyev