AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Sizi 15 iyun - Azərbaycan xalqının Milli qurtuluş günü münasibətilə Milli Məclisin deputatları adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı və dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayırıq!
1993-cü ilin 15 iyun günü müqəddəs tarixə çevrilən, Azərbaycanın inkişaf salnaməsinə qızıl hərflərlə yazılan bir gündür. Bu əlamətdar günü əziz bayram kimi qeyd edən xalqımız müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Vətən yolunda fədakarlığını və siyasi hünərini sonsuz minnətdarlıq hissi ilə xatırlayır.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, şəriştəsiz rəhbərlik üzündən ölkəmiz dərin böhrana düçar olmuşdu. Ölkədə özbaşınalıq, xaos hökm sürürdü. Xalqın əməyi sayəsində illər uzunu toplanmış sərvətlər talan edilir, silahlı quldur dəstələri əhalini vahimə içərisində saxlayırdılar. Ölkə vətəndaş müharibəsi təhlükəsinin bir addımlığında idi. Fürsətdən istifadə edən xain qonşularımız isə bir-birinin ardınca əzəli torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız evsiz-eşiksiz qalır, dədə-baba yurdlarından didərgin düşürdü.
Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu belə çətin bir məqamda xalqın nəzərləri öz xilaskarına – Heydər Əliyevə yönəlmişdi. Hamı əmin idi ki, ölkəni bu fəlakətdən yalnız zəngin siyasi və dövlətçilik təcrübəsi olan müdrik liderimiz Heydər Əliyev çıxara bilər.
Vətənin belə ağır günlərində ümummilli liderimiz xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyun günündə hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycana nicat gətirdi, dövlət müstəqilliyini gözləyən təhlükəni aradan qaldırdı.
Heydər Əliyevin müdrikliyi, yenilməz iradəsi, uzaqgörənliyi sayəsində az vaxtda ölkədə möhkəm ictimai-siyasi sabitlik yarandı. Dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli ordu quruculuğuna başlanıldı. Cəbhədə atəşkəs elan olundu. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara təkan verildi. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvü oldu. “Əsrin müqaviləsi” imzalandı. Yeni neft strategiyası hazırlanıb həyata keçirildi. Dünyanın nüfuzlu neft şirkətləri ilə Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsinə dair müqavilələr imzalandı. Milli dövlətçilik və azərbaycançılıq ideyası formalaşdı. Ölkəmizdə əsaslı islahatlar həyata keçirildi, hüquqi, demokratik, dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin möhkəm təməli yaradıldı, bazar iqtisadiyyatı prinsipləri bərqərar edildi. Azərbaycan tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin təşəbbüsçüsünə və fəal iştirakçısına çevrildi.
Möhtərəm cənab Prezident!
Bu il biz milli qurtuluş gününü ilk dəfədir ki, ümummilli liderimiz Heydər Əliyevsiz qarşılayırıq. Amma onu bizdən ancaq cismani yoxluq ayırır. O, hər bir Azərbaycan vətəndaşının qəlbində özünə möhtəşəm abidə ucaltmışdır.
Memarı və qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası bu gün də onun müəyyən etdiyi yolla ardıcıl surətdə irəliləməkdə davam edir. Sizin ölkə Prezidenti seçildiyiniz gündən keçən qısa müddət ərzində qazanılmış nailiyyətlər Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir. Bu nailiyyətlər Heydər Əliyev ideyalarının ölməzliyini və təntənəsini nümayiş etdirir.
Əziz Prezident!
15 iyun – Milli qurtuluş günü münasibətilə Sizi Milli Məclisin deputatları adından bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin işıqlı gələcəyi naminə gərgin fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!
Azərbaycan Respublikasının Milli Məclisi
(Təbrik Milli Məclisin 2004-cü il 11 iyun tarixli
iclasında qəbul edilmişdir).