AZƏRBAYCAN RƏSSAMLARININ ƏSƏRLƏRİ YAPONİYADA NÜMAYİŞ ETDİRİLİR
Sərgidə rəssamların boyakarlıq və qrafika janrlarında 50-dən artıq əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində iştirakçılara A.Hüseynovun və O.Hüseynovun əsərlərinin Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən nəşr olunmuş kataloqu da təqdim olunmuşdur. Kataloq Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına müraciəti ilə açılır. Orada deyilir:
“Əziz dostlar!
Mən Yaponiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin keçirilməsini alqışlayır və sərgiyə gələnləri səmimi qəlbdən salamlayıram. Nümayiş olunan əsərlərə tamaşa etməklə Siz, nəinki ölkəmizin tanınmış rəssamı Arif Hüseynov və onun oğlu - gənc, istedadlı Orxanın əsərlərindən zövq alacaq, həm də milli təsviri sənət məktəbimiz, ümumən, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olub, bu mədəniyyəti sevəcəksiniz.
Əminəm ki, bu sərginin keçirilməsi incəsənət xadimlərimiz arasında yaradıcılıq əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir.
Azərbaycan və Yaponiya xalqlarının qədim köklərdən gələn ənənələrinin bir-biri ilə təmasda olması, şübhəsiz ki, hər iki dövlətin mədəni əməkdaşlığının gələcəkdə də genişlənməsinə səbəb olacaqdır”.
Kataloqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Rəssamlar İttifaqının sərdi, xalq rəssamı Fərhad Xəlilovun “Ön söz”ləri də yer almışdır. Bu yazılarda yapon sənətsevərlərinə rəssamlarımız haqqında ətraflı məlumat verilir.
Sərgi aprelin 23-dək davam edəcəkdir.