AZƏRBAYCAN RƏSSAMLARININ ƏSƏRLƏRİNDƏN İBARƏT SATIŞ-SƏRGİ AÇILMIŞDIR
Sərgidə 200-dən çox rəssamın müxtəlif janrlarda 352 işi nümayiş olunur.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbiri açaraq ölkəmizdə belə sərginin ilk dəfə keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bundan sonra belə sərgi ildə iki dəfə “Payız-qış”, “Yaz-yay” adı ilə keçiriləcəkdir. Məqsəd rəssamlarımızın sosial vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etmək, fırça ustalarımızın öz yaradıcılıqlarına daha diqqətlə yanaşmalarına nail olmaqdır.
Natiq bildirmişdir ki, peşəkar ekspert qrupu hazırkı sərgiyə çıxarılmış əsərlər arasından respublikamızın muzeylərinə qoymaq üçün 52 işi bəyənmiş və almaq uçün məsləhət görmüşdür. Sərgi başa çatdıqdan sonra həmin əsərlərin müəllifləri ilə müqavilə bağlanacaqdır.
Tədbirdə qarşıdakı sərgilərin daha hazırlıqla keçiriləcəyi vurğulanmışdır.
Satış-sərgi noyabrın 20-dək davam edəcəkdir.