AZƏRBAYCAN SƏFİRİ PARLAMENTİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, səfir Elman Araslı bu ölkənin parlamentinin - Məşvərət Məclisinin sədri Saleh bin Abdulla bin Hümeyd ilə görüşmüşdür.
Səfir Məşvərət Məclisinin sədri təyinolunması münasibətilə Saleh bin Abdulla bin Hümeydi təbrik etmiş, Səudiyyə parlamentinin qonaqları kimi, Milli Məclisin beş deputatının müqəddəs həcc ziyarətinin təşkilinə görə Azərbaycanın qanunvericilik orqanı rəhbərliyinin minnətdarlığını çatdırmışdır.
Azərbaycan diplomatı bildirmişdir ki, ölkəmizin rəhbərliyi Səudiyyə Ərəbistanı ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsini vacib sayır. Ölkəmizin ictimai-siyasi və iqtisadi həyatı barədə söhbət açan səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəldilmiş səylərdən də ətraflı danışmışdır. Səfir Səudiyyə Ərəbistanı parlamentinin sədri başda olmaqla Məşvərət Məclisi nümayəndə heyətinin Azərbaycana səfər etməsi barədə Milli Məclis sədrinin rəsmi dəvətini yetirmişdir.
Cənab Saleh bin Abdulla bin Hümeyd bildirmişdir ki, Səudiyyə Ərəbistanı ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına böyük əhəmiyyət verir. O, Azərbaycan parlamenti sədrinin dəvətini razılıqla qəbul etdiyini vurğulayaraq, ölkəmizin rəhbərliyinə və xalqına səmimi salamını və xoş arzularını yetirməyi xahiş etmiş və Milli Məclisin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfərə dəvət olunacağını bildirmişdir.