AZƏRBAYCAN SƏFİRLİYİ MACARISTAN JURNALİSTLƏR ASSOSİASİYASI İLƏ BİRLİKDƏ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Mətbuat konfransında Macarıstanın populyar “Nepsabadşaq”, “Nepsana”, “Sabadşaq”, “Metro” qəzetlərinin, “Zemle” jurnalının, Macarıstan Teleqraf Agentliyinin, aparıcı MTV və Duna-TV kanallarının, ölkədə akkreditə olunmuş xarici KİV-lərin təmsilçiləri iştirak edirdilər.
Mətbuat konfransını Assosiasiyanın xarici jurnalistlər bölməsinin müdiri Jozef Farkaş açmışdır. Sonra çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov ölkəmizə göstərdikləri marağa görə xarici və yerli jurnalistlərə təşəkkürünü bildirmiş, Azərbaycanın tarixindən və bu günündən, siyasi və iqtisadi uğurlarından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş islahatlardan söhbət açmışdır. O, ölkəmizin başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində xüsusi dayanmışdır. Səfir müstəqil Azərbaycan dövlətinin təşəkkülündə, nüfuzunun artmasında, mövqelərinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamış, jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir.
Macarıstanın qocaman jurnalisti, “Metro” qəzeti redaktorunun müavini İştvan Kulçar Azərbaycana səfərindən danışmış, təəssüratını bölüşmüşdür.
Azərbaycanın Macarıstandakı səfirliyi xüsusi olaraq, mətbuat konfransı üçün ən müxtəlif mövzularda, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı materiallar hazırlamışdı.