Azərbaycan səfirliyinin əməkdaşları Tbilisidə Ulu Öndərin abidəsini ziyarət ediblər
Tbilisi, 31 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstanda yeni təyin olunmuş səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları dekabrın 31-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Dursun Həsənov jurnalistlərə müsahibəsində deyib ki, bu gün hamımızın qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması Ümummilli Liderin adı ilə bağlıdır. Məhz dünya miqyaslı siyasi xadimin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının vahid vətənpərvərlik ideologiyası ətrafında birliyi təmin olundu. Gürcüstanda yaşayan azərbaycanlılar da Ulu Öndərin Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin dərinləşməsi, dostluğumuzun möhkəmlənməsi istiqamətindəki xidmətlərini yaxşı xatırlayırlar.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyini, ölkəmizin beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrildiyini qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi