AZƏRBAYCAN TARİXİ MUZEYİNİN BƏRPADAN SONRA YENİ EKSPOZİSİYASI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 7-də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ərəfəsində AMEA-nın Azərbaycan Tarixi Muzeyində bərpadan sonra yeni ekspozisiyanın açılışı olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun, elmi-tədqiqat institutları rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, Zeynalabdin Tağıyevin nəvə-nəticələrinin də iştirakı ilə keçirilən tədbiri muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı açaraq bildirmişdir ki, muzeyin binası Bakının ən gözəl memarlıq abidələrindəndir. 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. Lakin bina uzun illər əsaslı təmir edilmədiyindən bərpaya ehtiyac var idi. 2004-cü ilin dekabrında muzeydə yaranmış vəziyyətlə yaxından tanış olan Prezident İlham Əliyev binanın əsaslı təmiri və bərpası barədə göstəriş vermişdir.
Nailə Vəlixanlı bildirmişdir ki, vaxtilə Hacı Zeynalabdin Tağıyevin mülkü olmuş bu binanın bərpası zamanı divarlardakı naxışların və bəzək elementlərinin orijinallığının qorunmasına xüsusi diqqət yetirilmişdir. 300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır. Burada müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, tariximizə və mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərmiş, dəfələrlə muzeydə olmuş ulu öndər Heydər Əliyevin zəngin fəaliyyəti ilə bağlı ayrıca guşə yaradılmışdır. Hazırda muzeydə 130-dan çox işçi çalışır. Muzeyin laboratoriyası da müasir tələblərə cavab verir.
Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı N.Vəlixanlı bütün zallar barədə ətraflı məlumat vermişdir. Hacı Zeynalabdin Tağıyevin ikinci mərtəbədə yaradılmış xatirə muzeyi ilə tanışlıq zamanı bildirilmişdir ki, İtaliyanın “Eleka” şirkətinin mütəxəssisləri divarlarda, arakəsmələrdə, tavan və döşəmələrdə yüz il əvvəlki bəzək və naxışları aşkarlayıb, onları ilkin formada bərpa etmişlər. O dövrdə quraşdırılmış qapı-pəncərələr, istilik və işıq sistemləri orijinal üslubda yeniləşdirilmişdir. İndiyədək bir-iki dəfə aparılan yüngül təmir zamanı otaqların ilkin görünüşü tamamilə dəyişdirilsə də, artıq onların əvvəlki vəziyyəti bərpa edilmişdir.
Tədbir iştirakçıları binanın keçmiş qonaq, yataq, yeməkxana, uşaq otaqları ilə tanış olmuşlar. Əsasən, Şərqdən gələn qonaqları qəbul etmək üçün nəzərdə tutulan dəbdəbəli Şərq salonu, onun incə naxışları, hər bir otağın ilkin görünüşünü, binanın ümumi fasadını əks etdirən şəkillər, bərpa olunan ev əşyaları, musiqi, idman alətləri, Zeynalabdin Tağıyevin indiyədək saxlanılan kitabxanası xüsusi maraq doğurmuşdur.
N.Vəlixanlı tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
######
![]() |
![]() |

