Azərbaycan Texnologiya Universitetinə mediatur təşkil edilib
Gəncə, 29 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinə (UTECA) mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qış imtahan sessiyasının gedişini izləyənlər arasında media nümayəndələri ilə yanaşı, abituriyentlər, repetitorlar, kollec tələbələri və valideynlər də olub.
UTECA-nın rektoru, professor Akif Süleymanov mediatur iştirakçılarına məlumat verib ki, ali təhsil ocağında 2018-2019-cu tədris ilinin qış semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə bütün zəruri addımlar atılıb, şəffaflığın qorunması üçün valideyinlərin iştirakına şərait yaradılıb. Kompüter vasitəsilə test üsulu ilə götürülən imtahanların gedişini hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə izləyə bilər. Fevralın 5-dək davam edəcək imtahan sessiyasında qiymətləndirmə kredit sistemi əsasında aparılır. İmtahanların aparılmasına xüsusi təlimatlı əməkdaşlar nəzarət edirlər. Cavabların qiymətləndirilməsi isə İnformasiya Texnologiyaları Şöbəsi tərəfindən müvafiq proqram vasitəsilə həyata keçirilir, nəticələr həmin gün açıqlanır.
Rektor qeyd edib ki, universitetin rəhbərliyi və professor-müəllim heyəti imtahanların obyektivini əsas götürür və tələbələrin imtahanlara daha səmərəli hazırlaşmaları üçün əvvəlcədən tədbirlər görülür.
İlk dəfə imtahanları birbaşa müşahidə edən valideynlər tələbələr üçün yaradılan şəraitdən, onların biliyinin qiymətləndirilməsinin şəffaf və səmərəli təşkilindən razılıqlarını ifadə ediblər.
Mediatur iştirakçıları bir neçə auditoriyada imtahanların gedişini izlədikdən sonra universitet rəhbərliyi ilə geniştərkibli görüş təşkil olunub. Rektor son dövrdə rəhbərlik etdiyi ali təhsil ocağında tədrisin, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, aparılan islahatlardan, həyata keçirilən proqram və layihələrdən danışıb.
Akif Süleymanov qeyd edib ki, bu gün UTECA logistika, yüngül səyane, İKT, qida, metallurgiya üzrə mühəndislər yetişdirir. Bütün dünyada sadalanan ixtisaslara tələbatı nəzərə alan universitet çalışır ki, müasir tələblərə cavab verən, innovativ bacarıqlara yiyələnmiş kadrlar yetişdirsin. Bunun üçün UTECA ölkənin aparıcı müəssisələri ilə əməkdaşlıq edir. Onların siyahısına alüminium zavodu, “AzGranata”, Port of Baku (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı), “Azercell” və sair daxildir. Bu gün UTECA tələbələri həmin müəssisələrdə təcrübələr keçirlər. Eyni zamanda, həmin müəssisələrin Azərbaycan Texnologiya Universitetində mərkəzləri, laboratoriyaları var. Bütün bunlar yüksək kadr hazırlığına, məzunların iş əlçatanlığının təmin olunmasına hesablanıb.
Sonda mediatur iştirakçıları universitetin logistika mərkəzi, barama ofisi, gön-dəri və şərab laboratoriyaları ilə tanış olublar.