Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının 93-cü Baş Assambleyasında təmsil olunur VİDEO
Paris, 18 may, AZƏRTAC
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Nümayəndələr Assambleyasının 93-cü Baş Sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir dəvət əsasında 183 ÜHST üzvü ölkəni, eləcə də bu təşkilatla rəsmi əməkdaşlıq sazişi imzalamış beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. 93-cü Baş Sessiyada həmçinin müşahidəçi ölkələr və ərazilər, ÜHST-ün əsas tərəfdaşları və xüsusi qonaqlar da iştirak edir. Baş Sessiyada Azərbaycan AQTA-nın nümayəndə heyəti ilə təmsil olunur.
Təşkilat üçün mühüm institusional hadisə olan Baş Sessiyada Ümumdünya Nümayəndələr Assambleyası çərçivəsində beynəlxalq standartlar, eləcə də 8-ci Strateji Plan daxil olmaqla inzibati və texniki qətnamələr qəbul ediləcəyi bildirilir. Həmçinin qlobal maraq doğuran texniki mövzular müzakirə ediləcək, müxtəlif hesabatlar nəzərdən keçirilərək təsdiqlənəcək və bəzi idarəetmə orqanlarında boş qalan vəzifələrə seçkilər keçiriləcək.
Baş Sessiyanın tərkibində “Hər kəsin gələcəyini təmin etmək üçün heyvan sağlamlığına investisiya” mövzusuna həsr olunmuş Heyvan Sağlamlığı Forumu keçiriləcək. Forum heyvan sağlamlığının iqtisadi sabitlik, qida təhlükəsizliyi və qlobal sağlamlıq dayanıqlığında strateji rolunu ön plana çıxaracaq. Burada milli resursların prioritetləşdirilməsindən tutmuş innovativ maliyyə tərəfdaşlıqlarına, özəl sektorun iştirakı və elmi tədqiqatlara əsaslanan innovasiyalara qədər müxtəlif həll yolları müzakirə olunacaq.