Azərbaycan Universitetində vebinar: virtual ünsiyyətdən virtual təhsilə keçid
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Universitetinin növbəti pandemiya vebinarı “Virtual ünsiyyətdən virtual təhsilə keçid” mövzusuna həsr olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, vebinar Riyaziyyat və informatika kafedrası tərəfindən təşkil olunub.
Vebinarda qeyd edilib ki, koronavirus pandemiyası məsafədən təhsil imkanı yaradan platformalardan istifadəni zəruri edib.
Azərbaycan Universitetində də dərslər karantin rejiminin ilk günlərindən başlayaraq “Microsoft Teams” platformasından istifadə etməklə onlayn rejimdə davam edir. Pandemiya dövrünə qədər internet əsasən virtual ünsiyyət platforması kimi ön planda idisə, artıq o, həm də virtual təhsil platforması kimi böyük əhəmiyyət kəsb etməyə başlayıb.
İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev “5G: miflər və həqiqətlər” mövzusunda çıxış edib. O, beşinci nəsil mobil rabitə xidmətləri göstərən stansiyalar ilə koronavirus pandemiyası arasında əlaqənin olması haqqında iddialara da aydınlıq gətirib. Dekan virtual təhsil alətlərinin kökündə dayanan bulud texnologiyalarından da danışıb.
Riyaziyyat və informatika kafedrasının müdiri Qabil Əliyev dünyada və ölkəmizdə virtual təhsil prosesində istifadə olunan proqramlardan bəhs edib, “Zoom” və “Microsoft Teams” platformalarının iş prinsipləri, oxşar və fərqli cəhətləri haqqında məlumat verib. O, “Zoom” platformasının təhlükəsizlik və məxfilik problemləri ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.
Tədbirə qoşulan müəllim və tələbələrə Microsoft şirkətinin bulud həllərindən biri olan “Office 365” xidmətindəki bir sıra alətlərin iş prinsipləri də izah olunub.
Qeyd edək ki, pandemiya vebinarları “Office 365” xidmətinin “Microsoft Teams” platforması üzərindən keçirilir.