Azərbaycan və İran gömrükçüləri müzakirələr aparıb
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətləri arasında onlayn rejimdə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov rəhbərlik edib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, virtual görüşdə iki ölkə arasındakı gömrük-keçid buraxılış məntəqələrində yükdaşımaların koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən rejimə uyğunlaşdırılması, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin tənzimlənməsi, eləcə də bir sıra məsələlər müzakirə olunub.
Eyni zamanda, görüşdə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən Azərbaycan-İran birgə müəssisəsi “AzKron” MMC-nin fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə şirkətin ünvanına gələn malların daşınması zamanı yaranan texniki məsələlər müzakirə olunub və təkliflər səsləndirilib.