Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bakı, 31 may, AZƏRTAC
Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahil Babayev ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan islahatlar barədə özbəkistanlı həmkarına məlumat verib. Nazir həmçinin Azərbaycanda əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası istiqamətində aparılan işləri diqqətə çatdırıb. Müvafiq fəaliyyət sahələrində bir çox ölkələrlə, o cümlədən Özbəkistanla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edən S.Babayev xüsusilə də ikitərəfli təcrübə mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb.
Ş.Kudbiyev bu il mayın 21-də “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana etdiyi səfərdən məmnunluqla bəhs edib və ölkəmiz barədə xoş təəssüratlara malik olduğunu vurğulayıb. O, eyni zamanda, səfər zamanı Özbəkistan nümayəndə heyətinin müraciətinə əsasən onlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki Əmək Müqaviləsi Alt-Sisteminə və Məşğulluq Alt-Sistemi strategiyasına dair təqdimatın keçirildiyinə görə minnətdarlığını bildirib. O, hazırda Əmək Müqaviləsi Alt-Sisteminin ölkəsində tətbiqi üzərində işlərin aparıldığını qeyd edib, ölkəsində icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edib.
Əmək və məşğulluq sahəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq üzrə Anlaşma Memorandumunun layihəsinin artıq hazırlandığı qeyd olunub.
Görüşdə Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.