AZƏRBAYCAN VƏ QIRĞIZISTAN HƏRBİ HÜQUQŞÜNASLARININ GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdə Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri hərbi hüquqşünaslarının görüşü keçirilmişdir.
Bu haqda məlumatı Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti yaymışdır.
Məlumatda deyilir ki, hərbi hüquqşünaslar iki gün ərzində qanunvericilik sahəsində ikitərəfli təcrübə mübadiləsi aparmış, həm ölkə daxilində, həm də xaricdə hərbi qüvvələrdən istifadə edilməsinin hüquqi əsasları, ümumhərbi nizamnamələrdən istifadə olunmasının xüsusiyyətlərini müzakirə etmişlər.
Bundan başqa, tərəflər hərbi qulluqçular və onların ailə üzvlərinin sosial müdafiəsi məsələlərinin həlli ilə də tanış olmuşlar.
Xatırladırıq ki, 2002-ci ildə Qırğızıstanın müdafiə naziri İsmayıl İsakovun Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa dair saziş, 2005-ci ildə isə qırğız hərbçilərinin Bakının hərbi ali məktəblərində təhsil alması ilə bağlı sənəd imzalanmışdır. Hazırda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə 23 qırğız hərbçisi təhsil alır və onların bütün xərclərini Azərbaycan tərəfi ödəyir.