Azərbaycan və Slovakiya yığmalarının heyətləri açıqlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək futzal üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq oyun üçün komandaların heyətləri açıqlanıb.
Millimizin heyətində 2 futzalçı meydana çıxmayacaq. Fineo De Araujo zədəli, Eduardo Borges isə cəzalı olduğuna görə komandaya kömək edə bilməyəcək. Yeri gəlmişkən, Eduardo Borges məhz ötən il Slovakiya ilə keçirilmiş oyunda ikinci sarı - qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.
Azərbaycan millisinin heyətində Rövşən Hüseynli, Bolinha, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Emin Kürdov, Vassora, Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Tofiq Mikayılov və Hadi Ahmadi yer alıblar.
Slovakiya yığmasının isə sifariş ərizəsinə Riçard Oberman, Martin Doşa, Martin Smerçka, Anton Brunovski, Tomaş Drahovski, Milan Herko, Marek Karpiak, Marek Belanik, Daniel Çerovski, Marko Hudaçek, Marian Hudek, Matuj Kijovski, Matuş Çevçik və Filip Vaktorun adları daxil edilib.
Qeyd edək ki, bu oyun Azərbaycan millisinin Slovakiya yığması ilə sayca 7-ci duel olacaq. Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçiriblər. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.