CƏMİYYƏT
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir iki qardaş ölkə arasında münasibətlərin xüsusi əhəmiyyət daşıdığını, müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyini, əməkdaşlığın hüquqi sahədə də daim genişləndiyini qeyd edib. Bu ilin may ayında iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış birgə bəyanatın icrası sahəsində görülən işlərə toxunan nazir bildirib ki, artıq probasiya sistemi, eləcə də cəzaçəkmə müəssisələrində tibb xidmətinin təşkili sahəsində əməkdaşlıq uğurla həyata keçirilir və bu istiqamətlərdə konkret nəticələr əldə olunub.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə iki qardaş ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib. O, ölkələr arasında ədliyyə sahəsində, eləcə də ədliyyə akademiyaları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs edərək əlaqələrin daha da gücləndirilməsinin və təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə hüquqi yardımla əlaqədar sorğuların daha çevik şəkildə göndərilməsini təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq, ekstradisiya və məhkumların verilməsi üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Görüşün yekununda Azərbaycan Türkiyə Respublikasının Ədliyyə nazirlikləri arasında probasiya və penitensiar sahədə potensialın gücləndirilməsi və əməkdaşlar üçün qarşılıqlı təlimlərin təşkili sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, ölkələr arasında hüquqi sahədə ikitərəfli əməkdaşlıqla yanaşı beynəlxalq təşkilatlar, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlıq həyata keçirilir.