Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı qardaş ölkə mediası tərəfindən geniş işıqlandırılıb
Marmaris, 7 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etməsi qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “TRT haber”, “Haber global”, “TRT avaz” telekanalları, “Milliyet”, “Yeni şafak” və digər qəzetlər dövlət başçılarının müzakirə etdikləri məsələlər barədə türkdilli ictimaiyyəti geniş məlumatlandırıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün ümumilikdə 700 nəfərdən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərib.
Məlumatlarda, həmçinin Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin qəhrəmanlığından, peşəkarlığından və təcrübəsindən geniş şəkildə bəhs olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Marmaris