MƏDƏNİYYƏT
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Xalça” Beynəlxalq onlayn jurnalının təqdimatı olmuşdur
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təsis etdiyi “Xalça” Beynəlxalq onlayn jurnalının (www.xalca.az) təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Xalça” onlayn jurnalı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, üç dildə (Azərbaycan, rus, ingilis) təqdim olunan jurnalın əsas məqsədi dərin köklərə malik qədim və müasir Azərbaycan, ümumiyyətlə, Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır.
Diqqətə çatdırılmışdır ki, “Xalça” onlayn jurnalında ölkəmizdə müasir dövrdə xalçaçılığın inkişaf şəraiti və istehsalı, ənənəvi xalçaların özəlliklərinin tədqiqi məsələləri, xalçaçılıq ənənələrinin qorunub saxlanması vəziyyəti, problemləri və s. haqqında məlumat yerləşdirilmişdir.
Röya Tağıyeva demişdir ki, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin məqsədi xalçaçılıq sənətinin bugünkü problemlərinin həllini, Azərbaycan xalçaçılarının yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığını, onların peşəkarlığının artırılmasını və xarici bazarlara çıxışını təmin etməkdir. Birlik müasir xalçaçılarla xarici bazar arasında əlaqələrin yaradılması, bu sahədə çalışanların sosial statusunun yüksəldilməsi, peşə hüquqlarının müdafiəsi sahəsində işlər aparır. Mədəni dialoqun yaxınlaşması və inkişafı istiqamətində beynəlxalq sərgilər, ustad dərsləri, sənətkarların görüşlərini keçirən birlik Azərbaycan milli xalçaçılıq sənətinin qorunması, inkişafı və dünyada təbliği istiqamətində bir sıra işlər görmüşdür.
Bu il noyabrın 29-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin İndoneziyada keçirilmiş altıncı sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, “Azərbaycan xalçaları” İctimai Birliyinin müstəqil ekspert kimi qeydiyyata alınması ilə bağlı akkreditə edilməsi tövsiyə olunmuşdur.
Muzeyin elmi katibi Fəridə Novruzova “Xalça” Beynəlxalq onlayn jurnalının bölmələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, “Baş redaktordan” bölməsində Röya Tağıyevanın xalça sənəti və jurnal barədə oxuculara müraciəti yerləşdirilmişdir. Xalça sənətinin təbliği məsələləri - beynəlxalq simpoziumlar, elmi konfranslar, nəşr olunmuş kitablar və s. haqqında məlumatlar jurnalın “Azərbaycan xalçaları”, “Konfranslar”, “Şərgilər”, “Şərq xalçası”, “Xəbərlər” bölmələrində əksini tapmışdır. Rubrikalarda maraqlı məlumatlarla yanaşı, izahlı fotoşəkillər, illüstrasiyalar da yerləşdirilmişdir.
Jurnalın özəlliklərindən biri də ABŞ, İran, İtaliya, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan, beynəlxalq aləmdə tanınmış elm xadimlərinin, xalça mütəxəssislərinin redaksiya heyətində yer almalarıdır. Jurnalın növbəti saylarında Azərbaycan və ümumiyyətlə, Şərq xalçaları haqqında yeni məlumatların yerləşdirilməsi planlaşdırılır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev xalça sənətinin qədimliyindən danışmışdır. Müasir dövrdə xalçadan biznes məqsədilə istifadə olunduğunu söyləyən natiq bu sahəyə məhz sənət kimi baxmağın vacibliyini diqqətə çatdırmışdır. Fikrət Babayev jurnalın əhəmiyyətini yüksək qiymətləndirərək onun daim yenilənməsini arzulamışdır.
Digər çıxışlarda da “Xalça” Beynəlxalq onlayn jurnalının əhəmiyyətindən söhbət açılmışdır.