Azərbaycan xalqı Xocalıda törədilmiş soyqırımı cinayətini heç vaxt unutmayacaqdır
Tbilisi, 26 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüs və dəstəyi ilə qonşu ölkədə Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.
Növbəti mərasim səfirliyin Tbilisi şəhərindəki yeni binasının Heydər Əliyev salonunda baş tutmuşdur.
Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələrinin geniş tərkibdə təmsil olunduqları tədbiri Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Səfir ötən əsrin ən qəddarcasına törədilmiş faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı söhbət açmış, Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin əhalisi azərbaycanlılardan ibarət olduğuna görə bir gecədə yer üzündən silindiyini, erməni vandallarının yüzlərlə dinc sakini vəhşicəsinə qətlə yetirdiklərini, qocalara, qadınlara, uşaqlara amansız işgəncə verdiklərini vurğulamışdır.
Diplomat separatizmdən əziyyət çəkən eyni taleli Azərbaycanın və Gürcüstanın ərazi bütövlüklərini tezliklə bərpa edəcəklərinə əmin olduğunu bildirmişdir.
Mühacirətdə olan Abxaziya Muxtar Respublikası hökumətinin üzvü Konstantin Qucuxidze Xocalı faciəsindən 22 il keçməsinə baxmayaraq, hələ də onun yaralarının sağalmadığını vurğulamış, dünya birliyinin bu hadisəyə ikili standartlar mövqeyindən yanaşmasından və obyektiv qiymət verməməsindən təəssüfləndiyini bildirmişdir. O, özünün də qaçqın həyatı yaşadığını, gürcü-abxaz münaqişəsi zamanı yol verilmiş qırğınların şahidi olduğunu, 22 ildir ki, doğulub boya-başa çatdığı Qaqraya həsrət qaldığını demiş, bu münaqişələrin tezliklə həllini tapacağına inandığını söyləmişdir.
Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Demur Başaleişvili, Gürcüstanın Xalq Artisti Anzor Şomaxia, Əməkdar Artist Zurab Buxradze, tarix elmləri doktoru, professor Quram Marxulia və başqaları Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunduğunu, bu analoqu olmayan faciənin heç vaxt unudulmayacağını vurğulamış, erməni xəyanətkarlığı, fitnəkarlığı barədə söhbət açmışlar.
Sonda Xocalıya həsr olunmuş sənədli film göstərilmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif dillərdə çap olunmuş kitablar və fotosərgi nümayiş etdirilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi