Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Bakı, 28 noyabr, AZƏRTAC
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət təşkilatlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) informasiya sistemlərinin qismən “Hökumət buludu”na köçürülməsi çərçivəsində “AzInTelecom”un təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətinə yiyələnib.
ASCO IT resurslarını “AzInTelecom”a məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Həmçinin ASCO Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS - Backup as a service) bulud xidmətindən yararlanır.
Bunlardan əlavə, ASCO-nun Rezervləmə (BaaS - Backup as a service) bulud xidmətindən daha keyfiyyətli formada faydalanması üçün qarşılıqlı razılaşma əsasında transmissiya xidməti həyata keçirilib. QSC-nin IT infrastrukturunun yerləşdiyi inzibati ofislə “AzInTelecom”a məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da Rezervləmə xidməti zamanı məlumatların ötürülməsinin sürətliliyi, təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.