AZƏRBAYCAN YIĞMASI PEKİN YAY PARALİMPİYA OYUNLARINI 38-Cİ PİLLƏDƏ BAŞA VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, 11 gün davam edən olimpiadada 148 ölkədən 4200-dən çox idmançı 20 idman növündə 472 dəst medal uğrunda mübarizə aparmışdır. Bu mötəbər turnirdə Azərbaycan 18 idmançı ilə təmsil olunmuşdur. Pekinə 7 cüdo, 7 atlet, 3 ağırlıqqaldıran və 1 güllə atıcısı ilə yollanan yığmamız Vətənə 10 medalla dönür. Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülmüşlər.
Cüdoçular İlham Zəkiyev (100 kq-dan yuxarı) qızıl, Kərim Sərdarov (100 kq) və Tofiq Məmmədov (90 kq) gümüş, Ramin İbrahimov (60 kq) isə bürünc medal qazanmışlar. Atletlərimizdən ən yüksək nəticəyə yadro itələmə yarışında bütün rəqiblərini geridə qoyan Oluxan Musayev nail olmuşdur. Onun həmkarları Zeyniddin Bilalov (üçtəkanla tullanma) 2-ci, Oleq Panyutin (hündürlüyə tullanma), Vladimir Zayets (üçtəkanla tullanma), Vüqar Mehdiyev (200 metr məsafəyə qaçış), eləcə də Rza Osmanov (400 metr məsafəyə qaçış) isə 3-cü pillədə qərarlaşmışlar.
Azərbaycan yığması medalların əyarına əsasən 38-ci, kəmiyyətinə görə isə 32-ci sıradadır. Komandamız bu nəticə ilə MDB ölkələri arasında 4-cü olmuşdur. Bu, 4 il əvvəl Afinada keçirilmiş Yay Paralimpiya Oyunlarının nəticələrindən yüksəkdir. Yunanıstan paytaxtında 11 idmançımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışdı. Azərbaycan XII Afina Paralimpiadasının iştirakçısı olmuş 136 ölkə arasında 45-ci yerlə kifayətlənmişdi.
Pekin Yay Paralimpiya Oyunlarında Çin idmançıları 211 medalla (89 qızıl, 70 gümüş, 52 bürünc) birinci yeri tutmuşlar. 2-ci yer Böyük Britaniya, 3-cü yer isə ABŞ yığmasına nəsib olmuşdur.