Azərbaycanda dövlət strategiyasının icrasının monitorinqi məqsədilə xüsusi platforma yaradılıb
Bakı, 6 iyun, AZƏRTAC
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda göstərilmiş tədbirlər planının icra prosesinin monitorinqi və nəzarətini həyata keçirmək məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti xüsusi bir platforma yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.
“Bu platformada bütün icraçı dövlət qurumlarının öhdəliyinə düşən məsələlər öz əksini tapıb. Həmçinin platformada bütün dövlət qurumlarının cavabdeh şəxsləri görülən işlər barədə hesabatları bölüşürlər. Koordinasiya komissiyası platformada həm hesabatların tənzimlənməsini, həm də komissiyası yanında yaradılmış üzv qurumların əməkdaşlarından ibarət yaradılmış işçi qrup qiymətləndirmə monitorinqini həyata keçirəcək. Həmin işçi qrup dövlət qurumlarından daxil olan hesabatları yoxlayacaq, onların indikatorlara uyğunluğunu ölçəcək. Burada XRİTDX tərəfindən indikatorlar müəyyən olunub. Bu da həmçinin dövlət layihələrinin həyata keçirilməsi qaydalarına uyğun hazırlanıb”, - deyə T.Məmmədov vurğulayıb.
Son 5 ayda ölkəmizdə kibertəhdidlərlə bağlı artım müşahidə olunduğunu diqqətə çatdıran T.Məmmədov qeyd edib ki, bu təhdidlərin artımı həm rəqəmsal transformasiyanın artması, həm informasiya sistemlərinin say olaraq artması, həm də yeni texnoloji inkişafla bağlıdır: “Yeni texnoloji inkişaf, həmçinin yeni təhlükələr də gətirir. Bu təhlükələrdən irəli gələn bir sıra təhdid maddələrinin ön plana çıxması nəticəsində, informasiya sistemlərində boşluqlar aşkarlanır. Bu boşluqlar hesabatlar şəklində dövlət qurumlarına göndərilir və eyni zamanda müvafiq tövsiyələr hesabatlarda öz əksini tapır. Lisenziyasız proqram təminatlarının istifadəsi çoxsaylı məlumatların ələ keçirilməsinə və satılmasına gətirib çıxarır. Bununla bağlı dövlət qurumlarına məktublar göndərilir”, - deyə idarə rəisi əlavə edib.