Azərbaycanda Hökumət Ödəniş Portalı yaradılır
Bakı, 27 sentyabr (AZƏRTAC). Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. “Hökumət Ödəniş Portalının Yaradılması” layihəsi Azərbaycan Mərkəzi Bankının sifarişi ilə “CMA Small System” və “Sinam” şirkətləri tərəfindən həyata keçirilir.
“Sinam” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin “elektron hökumət”in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır. Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platforumunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən “elektron hökumət” konsepsiyası çərçivəsində yeni funksional imkanların yaradılması planlaşdırılır.
KÖMİS sistemi 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir.
Mərkəzi Bankın klirinq sistemi ilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və “Azərpoçt” şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda də qəbul olunur. Bundan əlavə, internetlə də, yəni apus.az saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur.
Sistem, həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur.
apus.az saytındakı məlumata görə, bu günədək KÖMİS sisteminə 58 qurum qoşulmuşdur ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. Onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında sözügedən xidmətlər üzrə ödənişləri qəbul edir. Sistemə 4 milyondan çox abunəçi haqqında məlumat yüklənmiş, qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 65 minə çatmışdır. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində 2 milyondan çox ödəniş həyata keçirilir.