Yaponiyalı nazir müavini: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə strateji əhəmiyyətə malikdir VİDEO
Leypsiq, 8 may, AZƏRTAC
Mən Azərbaycanın son bir il ərzində göstərdiyi mükəmməl liderliyi yüksək qiymətləndirirəm. Bugünkü sessiyada da Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətovun və nazirliyin əməkdaşının etdiyi mükəmməl təqdimatlar Orta Dəhlizin, eləcə də mərkəzi mövqedə yerləşən Azərbaycanın həm region, həm Şərqi Asiya və Avropa bazarları, həm də bütövlükdə dünya iqtisadiyyatı üçün imkanları və potensialı barədə təsəvvürlərimi yenilədi.
Bu fikirləri Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm nazirinin müavini Hirohisa Tsuruta Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Leypsiq şəhərində keçirilən İllik Sammiti çərçivəsində təşkil olunan Orta Dəhlizlə bağlı sessiya barədə AZƏRTAC-a və Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Cənubi Qafqazda sülhün bərqərar olmasının Orta Dəhliz üçün önəmini vurğulayan nazir müavini deyib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə mühüm strateji əhəmiyyətə malikdir. Sülhün təmin olunması istiqamətində göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm. Regionun sabitliyi Orta Dəhlizin effektiv fəaliyyət göstərməsi üçün həyati dərəcədə vacibdir”.