Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Zəngilan, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Bu gün Zəngilan sakinləri üçün çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra siz doğma vətənə - Zəngilan şəhərinə qayıdırsınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil o illəri yaxşı xatırlayır - 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi.

Bütün bu mənfi meyillərin qabağını almaq, o cümlədən o vaxt müxtəlif qanunsuz silahlı birləşmələri yerinə oturtmaq üçün güclü siyasi iradə və xalqın dəstəyi lazım idi. Hər ikisi də var idi. Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.

Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik.

Təbii ki, o vaxt müharibənin davam etdirilməsi məqsədəuyğun deyildi və sonrakı hadisələr bunu əyani şəkildə göstərdi. Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdı. Ermənistan silahlı qüvvələri faktiki olaraq mühasirədə qalmışdı. O vaxt müharibənin dayandırılması bizə imkan verdi ki, qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını siyasi yollarla, faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Ultimatum da ondan ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa, Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək. Əmr də verilmişdi və 15 minlik erməni silahlı qüvvələrinin kontingenti məhv olunacaqdı. Məhz buna görə Ermənistan, yenə də deyirəm, bizim tələblərimizə uyğun Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmışdı.

Burada heç bir başqa amil yox idi, heç bir kənar qüvvə onlara təzyiq etmirdi, ancaq bizim sərt mövqeyimiz. Nəzarətdən kənarda qalan hissə də gec-tez bizə qayıtmalı idi, amma o tez oldu, nəinki gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar - bütün bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat davam etsin. Ermənistan ordusu ikinci dəfə təslim oldu, separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz suverenliyimizi tam bərpa etdik.

Bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir - məktəblərdə, ailələrdə, cəmiyyətdə. Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq.

Əlbəttə ki, bir daha qayıdıram Ulu Öndərin siyasi mirasına. Həlledici məqam məhz 1993-cü ildə idi, oktyabr ayında Prezident vəzifəsinə seçiləndən sonra bütün o mənfi meyillərin qabağı alındı. Düzdür, o vaxt bizim imkanlarımız çox məhdud idi, çoxlu problemlər var idi, bir nömrəli problem məcburi köçkünlərin yaşayış şəraiti idi. Onu da biz tədricən həll etməyə başlamışdıq və artıq 2007-ci ildə çadır şəhərcikləri qalmamışdı, orada vaxtilə məskunlaşmış insanları biz evlərə, mənzillərə köçürdük. İşğal dövründə hər dəfə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait yaradılacaq. Bax, bu gün bu Zəngilan şəhərinin bu gözəl mənzərəsi o sözlərimi bir daha təsdiqləyir.

İşğalın fəsadlarını aradan qaldırmaq - bu da çox çətin bir prosesdir. Minalar, torpaqların demək olar ki, işğalçılar tərəfindən zəhərlənməsi, ekosid. Bax, bu Bəsitçay dünyaca məşhur olan bir qoruq idi. Deyilənə görə, bura dünyada ikinci ən böyük çinar ağaclarının bir yerdə olması və qədim çinar ağaclarının qoruğu idi. Demək olar ki, onun yarısını Ermənistan dövləti məhv edib. Bəzi ağacları yandırıb, bəzilərini də kəsib bazarlarda satıb. Ümumiyyətlə, bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var. Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq.

Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq.

Biz bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bütün hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik. Məhz buna görə bu gün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də birə-on artdı.

Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz. Mən bunu dəfələrlə demişəm, bunu indi hər kəs görə bilir. Təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq, Ermənistandan fərqli olaraq. Onlar bizim şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı müharibə aparırdılar həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq.

Onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək, su verək. Bax, fərq budur. Mən indi daha dərinə getmək istəmirəm, hər bir xalqda yaxşı və pis nümayəndələr var. Amma bütövlükdə götürəndə budur fərq. Zəngilanı yerlə-yeksan edən təkcə Ermənistan rəhbərləri deyildi, təkcə Qarabağ separatçıları deyildi. Demək olar ki, onların bütün əhalisi kütləvi surətdə gəlib talançılıqla məşğul idi. Hətta deyirdilər ki, gedirik talana. Yəni bu, onlarda bir qayda idi, bu, normal bir davranış idi. Yəni vəhşilik normal bir davranış idi - kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparıb həm İran bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz belə.

Ona görə bilirsiniz, yenə də deyirəm, bu gün dünyada bizə olan hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi. Yaxşı, 30 il bu Zəngilan onların əlində idi, daşı-daş üstə qoyardılar da əgər bu, onların torpağıdırsa. Zəngilanın o dağılmış məscidini biz konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın nə günə salmışdılar onlar bizim dini-tarixi abidələrimizi. Bu onların idisə, tikib qurardılar da. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır - yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq, o cümlədən Zəngilan rayonunda. Bu, şəhərdə birinci yaşayış məhəlləsidir, hələ ikinci, üçüncü olacaq. Bu layihələrin bəziləri təsdiqləndi, bəziləri indi təsdiqlənəcək, inşaat gedəcək. Zəngilanda ermənilər tərəfindən dağıdılmış dediyim o məscidin yanında gözəl, bəlkə də ölkəmizin ən gözəl məscidlərindən biri olan Zəngilan məscidini inşa etdik. Zəngilanda, əslində, birinci yaşayış məntəqəsi qurulmuşdur, Ağalı kəndində. Bu da demək olar ki, Zəngilana xüsusi münasibətin əlaməti idi. İndi onun yanında Məmmədbəyli kəndi salınıbdır. Şəhər genişlənəcək.

Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir. Yenə də azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - "Dost Aqropark" məhz Zəngilanda yaradılmışdır və mənə verilən məlumata görə, artıq o, öz hədəfinə çatır. Çünki hədəfi 10 min baş cins mal-qara idi, bu hədəfə artıq yaxındır, 6 min hektara yaxın torpaqda da işlər gedir.

Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.

Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.

Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq.

Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib.

Azad olunmuş torpaqlarda görülən işlərlə bağlı biz həm tələsirdik, həm də hər şeyi düzgün etməyə çalışırdıq. Planlı şəkildə, strategiya əsasında ki, hər şey düz-əməlli olsun - həm insanların yaşayışı üçün, məşğulluğu üçün, təhsili üçün, eyni zamanda, ölkə iqtisadiyyatı üçün. Zəngilan rayonunda görün, beş il ərzində 42 meqavatlıq su elektrik stansiyaları tikilmişdi. Sovet vaxtında bu yox idi. İndi bu, Zəngilanı belə müstəqil şəkildə tam enerji ilə təmin edə biləcək, lap burada 200 min əhali yaşasa belə. Amma biz bütövlükdə artıq sudan 300 meqavatdan çox enerji götürürük. Bir-iki il ərzində Günəşdən də götürəcəyik, ondan da çox.

Bütün bunlar ölkənin gücüdür. Yenə də deyirəm, hər şey planlı şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz doğma vətənlərinə qaytaraq. Amma, eyni zamanda, hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun və bu da olacaq.

Sizi bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram.

X X X

Sakinlər: Çox sağ olun.

Sakin Murad Rəhimov: Möhtərəm cənab Prezident, qeyd etdiyiniz kimi, bugünkü görüş əlamətdar bir günə təsadüf edir, əlamətdar bir gündə keçirilir. Xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyevin anadan olduğu gündür. Ulu Öndərimizin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Onun ən böyük arzularından biri işğal olunmuş torpaqların azad edilməsi, sakinlərin öz ata-baba yurdlarına qaytarılması idi. Sizin uğurlu siyasətiniz və Ali Baş Komandanlığınız sayəsində Ulu Öndərin arzuları yerinə yetirildi. Bu gün onun ruhu şaddır. Biz bu gün buraya ruh yüksəkliyi ilə, fərəhlə, sevinclə qayıdırıq. Bu sevinci bizə bəxş etdiyinizə görə Sizə minnətdarıq. Tanrıdan Sizə cansağlığı arzulayırıq. Tanrı Sizi qorusun. Allah-taala şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ailələrinə səbir diləyirəm. Qazilərimizə, müharibədə iştirak edən bütün oğullarımıza cansağlığı arzulayıram. Allah xalqımızı qorusun, dövlətimizi qorusun, Sizləri qorusun. Bu gün bizimlə görüşə gəldiyinizə görə bir daha minnətdarıq. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Sakin Səbiyyə Balakişiyeva: Cənab Prezident, biz də çox şadıq, Zəngilan torpağında bu gün Sizinlə görüşürük. Bu, bizim üçün bir qürur, doğrudan da çox şərəfdir. Bunu bizə yaşatdığınız üçün Sizə minnətdarıq. Uzun illərdir biz öz torpaqlarımızdan ayrı düşmüşdük. Amma arzularımıza bu gün çatmışıq. Doğrudan da xəyalımıza da belə gəlməzdi ki, biz öz torpaqlarımıza qayıdarıq. Biz buna görə Sizə minnətdarıq. Sizin qətiyyətiniz, gücünüz, iradəniz, eləcə də ordumuzun şücaəti nəticəsində biz bunlara nail olduq. Sizin bizə, xalqımıza məhəbbətiniz, sevginiz bizə güc-qüvvə verdi. Buna görə Sizə minnətdarıq. Biz hamımız, - Zəngilan əhalisi adından danışıram, - Sizi çox sevirik. Sevimli Mehriban xanıma bizim salamlarımızı çatdırın. Allah Sizə cansağlığı versin, uzun ömür və xalq naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq. Allah ailənizi qorusun, çox sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Sakin Cəfər Cabbarlı: Möhtərəm cənab Prezident, mən öz doğma torpağına qayıtmış bir Zəngilan gənciyəm. Eyni zamanda, qürurla bildirmək istəyirəm ki, mən öz müqəddəs peşə fəaliyyətini elə müqəddəs Zəngilanımızda davam etdirən müəllim ailəsinin başçısıyam. Onu da qeyd edim ki, mən öz həyat yoldaşımla birlikdə qayıdışın ilk məskəni olan Ağalı kənd tam orta məktəbində öz şərəfli, müqəddəs peşə fəaliyyətimizi birlikdə icra edirik. Zəngilan gənclərinin savadlı yetişdirilməsində, vətənpərvər yetişdirilməsində, intellektual olmasında biz öz əməyimizi səylə ortaya qoyuruq. Onu da qeyd etmək istəyirik ki, bu qüruru bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə, müharibə iştirakçılarımıza Allahdan cansağlığı diləyirik. Zəngilan gəncləri olaraq hər zaman “dəmir yumruq” kimi Sizin ətrafınızdayıq. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

x x x

Daha sonra dövlətimizin başçısı sakinlərlə söhbət etdi.

Prezident İlham Əliyev: Orada hələ xəstəxana yoxdur, moduldur, orada işləyəcəksiniz?

Sakin: Bəli, modul tipli xəstəxana var, orada işləyirik. Üç ildir fəaliyyət göstəririk.

Prezident İlham Əliyev: Orada işləyirsiniz, çox yaxşı.

Sakin: Olar ikimiz də şəkil çəkdirək?

Prezident İlham Əliyev: Siz də həkimsiniz?

Sakin: Müəlliməm.

Prezident İlham Əliyev: Oxşayırsınız, bacısınız?

Sakin: Xeyr.

Şəkil çəkdirilir....

Prezident İlham Əliyev: Uşaqlar Ağalıda necə oxuyurlar?

Qadın sakin: Yaxşıdır, çox yaxşıdır, şükür Allaha.

Prezident İlham Əliyev: Yaxşıdır. Sayı da artıb yəqin ki, uşaqların.

Kişi sakin: 282 nəfər şagird var.

Prezident İlham Əliyev: Məktəb kifayət edir, yerləşirlər?

Qadın sakin: Bəli. Artıq bu məktəbimiz də olacaq.

Prezident İlham Əliyev: Bəli, bu il.

Qadın sakin: İnşallah, sentyabr ayından.

Kişi sakin: Növbəti ildən elə mən də həyat yoldaşımla yəqin ki, bu məktəbdə tədris edəcəyik, inşallah.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: İşğaldan sonra Bakıda Zəngilan şəhər icra nümayəndəsi işləmişəm.

Prezident İlham Əliyev: Bəs o vaxt - sovet vaxtında?

Kişi sakin: Hərbidə olmuşam, komandir-batalyon. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam.

Prezident İlham Əliyev: Buradan nə vaxt çıxmısınız?

Kişi sakin: 2021-ci ildən pensiyadayam. Sizin tərəfinizdən də təltif olunmuşam "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, minnətdaram.

Prezident İlham Əliyev: Siz harada işləmisiniz sovet vaxtında?

Kişi sakin: Tikintidə işləmişəm.

Prezident İlham Əliyev: Tikintidə, Zəngilanda? Burada yaşamısınız? Bəs işğal dövründə, buradan çıxandan sonra harada yaşamısınız?

Kişi sakin: Bakı Tikiş Evinin yataqxanasında.

Prezident İlham Əliyev: Bu gün köçürsünüz?

Kişi sakin: Bəli. Çox sağ olun, bir daha minnətdarıq.

Prezident İlham Əliyev: Siz də burada yaşamısınız uşaqlıqdan?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Şəhərdə?

Kişi sakin: Kənddə yaşamışam.

Prezident İlham Əliyev: Bəs sonra?

Kişi sakin: Sonra Xırdalanda yaşamışıq.

Prezident İlham Əliyev: 30 il Xırdalanda? Orada şərait necə idi?

Kişi sakin: Yaxşı idi. Hazırda 3 ildir burada çalışıram, yaşıllaşdırma idarəsində işləyirəm.

Prezident İlham Əliyev: Üç ildir burada çalışırsan, sağ ol.

Şəkil çəkdirilir....

Qadın sakin: Təşəkkür edirik, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Bir daha təbrik edirəm sizi.

Sakinlər: Sağ olun, var olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib

Fərhad Abdullayev: “Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı çox dəyərli əsərdir

Şirin Məlikova: Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda 18 mindən çox eksponat qorunur

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti beynəlxalq aqrar sərgi və forumlarda innovativ yanaşmalarını nümayiş etdirib

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir

Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub

Azərbaycan və Ukrayna uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır – rəy

Nəzakət və intellektin vəhdəti - professor Nəzakət Məmmədli

Azərbaycan və Ukrayna regional çağırışlar fonunda strateji tərəfdaşlığı möhkəmləndirir – ekspert

Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

Cənub bölgəsində urban landşaftlarının ekoloji dayanıqlığı araşdırılıb

Muzeyin direktoru: Azyaşlılar üçün xüsusi maarifləndirici layihələr təşkil olunur

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti

“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat

WUF13 Festivalı Sumqayıtda

Ali Məclisin komitə iclasında bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb

Naxçıvanda üçəm dünyaya gəlib

Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb

AzTU komandası “Game Summit 2026”nın qalibi oldu

Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb

Ekspert: Ukrayna və Azərbaycan enerji təhlükəsizliyi və infrastrukturun qorunması sahəsində əməkdaşlığı genişləndirə bilər

Ombudsman: Ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas strateji istiqamətləri Ümummilli Liderin adı ilə bağlıdır

İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar

AQTA: WUF13 tədbiri zamanı qidalanmanın təşkilinə nəzarət tədbirləri görülür

Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb

Ekspert: Avropa dövlət başçılarının Bakıya səfəri Azərbaycanın Avrasiya siyasi məkanında əhəmiyyətindən xəbər verir

Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir

Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir

Qazaxıstan 2030-cu ilədək qeyri-xammal ixracını 52 milyard dollara çatdırmağı planlaşdırır

Ötən mövsüm “Qarabağ”ın gəlirləri 12,7 faiz artıb

Domeniko Letisiya: Azərbaycan–İtaliya münasibətlərində yeni dövr başlayır- ŞƏRH

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər

BMT: Qlobal qum tələbatının artması ətraf mühiti təhdid edir

“Microsoft”dan 150 min dollar qrant cəlb edən ilk Azərbaycan AI-startapı bu dəfə “Cloudflare”dən 25 min dollar alıb – MÜSAHİBƏ

MEDİA-da dəyirmi masa: “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır”

Azərbaycan və Niderland arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb

ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb

Ali Məhkəmənin sədri: "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı xüsusi əhəmiyyətli nəşrdir

Sağlam gələcək naminə narkotiklərə yox deyək

KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib

“Sabah”ın baş məşqçisi: Finalda digər klublar yox, özümüz üçün oynayacağıq

“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb

“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib

İraq generalı: Nəcəf səhrasında gizli yerləşdirilmiş desant qüvvəsi İsrailə məxsus olub

Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub

Rizvan Nəbiyev: Azərbaycan hərbi qələbəni siyasi-diplomatik uğur və sülh modeli ilə tamamladı

Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib

Ulu Öndər Heydər Əliyev qədim Qəbələni məhv olmaqdan necə xilas etdi? – Tarixi faktlar

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim edib

Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib

® Hidrosel nədir və necə müalicə olunur?

Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir

Sədr müavini: Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli logistika istiqamətlərindən birinə çevrilməkdədir

Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fransız urbanist: Bakı genişmiqyaslı infrastruktur transformasiyalarını, şəhər innovasiyalarını və davamlı inkişafa sadiqliyi özündə birləşdirir

Tofiq Zülfüqarov: Keçmiş münaqişə dövründə Azərbaycana qarşı ideoloji təsir mexanizmlərindən istifadə olunurdu

Ötən il ABŞ-nin enerji istehsalı rekord səviyyəyə çatıb

MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb

Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğurub

Emin Hüseynzadə: WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçənlərin sayının artacağını gözləyirik

“Real Madrid” Joze Mourinyo ilə anlaşıb

FAO-nun Regional Konfransının 35-ci sessiyasında Azərbaycandakı innovativ layihələrdən danışılıb

AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

Səhiyyə Nazirliyi: Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur

Azərbaycan xarici qüvvələrin vəziyyəti idarə etməsinə imkan verməyəcək qədər güclü dövlətdir – ŞƏRH

Afrika-Azərbaycan biznes-forumunun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb

® “PAŞA Bank” İlkin Kütləvi Təklif çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb

Lənkəranda zəncirvari qəza olub

ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib

Dünya Bankının “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müzakirələr aparılacaq

Xaçmazda "VAZ-21014" 60 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda keçiriləcək UFC turnirinin bütün döyüşləri açıqlanıb

Akademik: Ermənistan Azərbaycana qarşı məqsədli şəkildə ekoloji terror aktları törədib

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib – Açıqlama

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

Azərbaycan Kubokunun final matçı FIFA referisinə tapşırılıb

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub

Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlərin əsas xəttini Azərbaycanın qurucu və yaradıcı missiyası təşkil edir- ŞƏRH