Ali Məhkəmənin sədri: "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı xüsusi əhəmiyyətli nəşrdir
Bakı, 12 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan dövlətçiliyinin təməl daşı, siyasi fəaliyyəti isə düzgün və sarsılmaz idarəçilik məktəbidir. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını əsas prioritet kimi müəyyən edib. Ümummilli Lider dövlət müstəqilliyinin qorunmasına, sabitliyin təmin olunmasına və güclü dövlət institutlarının formalaşdırılmasının vacibliyini hər zaman ön plana çəkib. Xüsusilə müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması təhlükəsi fonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün dönüş nöqtəsi olub. Məhz onun siyasi iradəsi və düşünülmüş qərarları nəticəsində ölkədə sabitlik bərpa edilib, müasir qüdrətli yeni Azərbaycan yaranıb.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Hüquq və İnsan Haqları İnstitutunda keçirilən "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabının təqdimat mərasimində çıxış edərkən deyib.
İnam Kərimov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün uğurla davam etdirilir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə əlçatanlığının təmin edilməsi, məhkəmə-hüquq sisteminin müəyyən orqanlarının müasir tələblərə uyğun qurulması günümüzün qaçılmaz tələblərindən birinə çevrilib. Son dövrlər elektronlaşma siyasətinin həyata keçirilməsi, süni intellekt texnologiyalarının tətbiqi dövrümüzün əsas tələblərindən biri olub. Bu baxımdan, bu gün təqdimatı keçirilən "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı xüsusi əhəmiyyətli nəşrdir. Bu kitabda Ümummilli Liderin dövlətçilik fəlsəfəsi və zəngin fəaliyyəti dolğun və sistemli şəkildə təqdim olunub. Kitabda yer alan yanaşmalar yalnız nəzəri xarakter daşımır, təcrübəyə və canlı müşahidələrə əsaslanır.
Əminəm ki, bu nəşr hüquq tariximizin öyrənilməsi, dövlətçilik ənənələrinin araşdırılması, Ulu Öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırılması baxımından vacib mühüm mənbələrdən biri olacaq. Eyni zamanda, kitab hüquq ictimaiyyəti üçün də faydalı bir vəsaitdir", - deyə o vurğulayıb.
Müxbir - Günel Türksoy