Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq
Xankəndi, 12 may, AZƏRTAC
Xankəndi bu gün özünün yeni və möhtəşəm dövrünü yaşayır. Şəhər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində sürətlə dirçəlir, qədim küçələr müasir görkəmi ilə yenidən canlanır. Genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq, şəhərdə nəinki müasir infrastruktur qurulur, həm də doğma yurdun əsl sahibləri mərhələli şəkildə öz ocaqlarına qayıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndidə həyatın yenidən canlanmasına şahidlik edən və bu xoşbəxtliyi yaşayan ailələrdən biri də Nəsirovlardır.
Şəhər sakini, 1952-ci ildə məhz Xankəndidə dünyaya göz açan Kamran Nəsirov ömrünün ən gözəl illərini bu şəhərdə keçirib. Lakin 1988-ci ildə başlayan erməni təcavüzü onun və ailəsinin həyatını alt-üst edib: “Mən burada doğulmuşam, burada boya-başa çatmışam. Amma 1988-ci ildə mənfur erməni ideologiyasının qurbanı olaraq yurdumuzdan qovulduq. Həmin vaxt ümidimizi üzməyib Xocalıda məskunlaşdıq. Lakin 1992-ci ilin fevralında dünya tarixinin ən qanlı faciələrindən birini – Xocalı soyqırımını yaşadıq. Üç gün qarın, şaxtanın içində meşələrdə qaldıq. Yaxınlarımızı itirdik, şəhidlərimiz oldu. O ağrı-acını sözlə ifadə etmək çətindir”.
Kamran Nəsirov həm də şəhid atasıdır. O, Xankəndiyə qayıdışını həm bir təsəlli, həm də böyük bir qələbə kimi qiymətləndirir. “Mən şəhid atasıyam. Bizim oğullarımız bu torpaqlar azad olsun deyə canlarını fəda etdilər. Bu gün onların ruhu şaddır, çünki qanları yerdə qalmadı. Dövlətimiz bizə Xankəndidə hər cür şəraitlə təmin olunmuş mənzil ayırıb. İndi mən burada övladlarım və nəvələrimlə birlikdəyəm. Bu yerləri yenidən canlandırmaq bizim üçün həm qürurlu, həm də müqəddəs bir borcdur”, - deyə o əlavə edib.

Mətbəxdə qaynayan çaydanın buğu, yeni mənzilin müasir rahatlığı Nəsirovlar ailəsinin həyatında yeni bir səhifənin açıldığını göstərir. Gənc nəslin – övladların və nəvələrin maraqla babalarının söhbətlərinə qulaq asması, evdəki səmimi ab-hava Xankəndinin hər bir mənzilinə qayıdan ruhun bariz nümunəsidir. Masanın üzərindəki ruzi-bərəkət, uşaqların çöhrəsindəki maraq dolu baxışlar bu torpaqların əsl sahiblərinin artıq burada əbədi qərar tutduğunu təsdiqləyir.
“Xankəndi indi daha gözəl, daha abad və daha doğmadır”, - deyən Kamran dayı bildirir ki, şəhərdə aparılan quruculuq işləri sakinlər üçün yeni iş yerləri və parlaq gələcək vəd edir. Onu ən çox sevindirən məqamlardan biri isə şəhid övladının ailəsinin də tezliklə buraya köçəcək olmasıdır: “Şəhid övladımın ailəsi də yaxın günlərdə Xankəndiyə köçəcək. Onlar da burada yeni həyata başlayacaqlar. Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq. Bir şəhid atası olaraq bundan böyük fəxr, bundan böyük xoşbəxtlik ola bilməz. Xankəndidə açılan hər səhər bizim üçün yeni bir ümiddir”.
Kamran dayı kimi minlərlə insanın qəlbindəki yurd nisgili artıq yerini gələcəyə olan böyük inama verib. Şəhərdə yeni məktəblərin, bağçaların və istehsalat müəssisələrinin fəaliyyətə başlaması burada məskunlaşan ailələrin rifahının yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bu qədim məkanı tezliklə dünyanın ən gözəl və müasir şəhərlərindən birinə çevriləcək. Böyük Qayıdışın hər bir mərhələsi xalqımızın sarsılmaz birliyini, dövlətimizin qüdrətini və Qarabağın əbədi azadlığını bütün dünyaya bir daha nümayiş etdirir. Bu gün Xankəndidə yüksələn üçrəngli bayrağımız hər bir sakin üçün həm də sarsılmaz təhlükəsizliyin və daimi sülhün rəmzi olaraq dalğalanmaqdadır.
Müxbir-Aydın Yavərzadə