AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədəki epizootik salamatlığın, heyvan sağlamlığının təmin edilməsi və respublika ərazisinə zoonozmənşəli infeksiyaların daxil olmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, cari il mayın 12-də "Ana Vətən Aqro" MMC tərəfindən Gürcüstanın “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan “Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq kliniki müayinədən keçirilib.
Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Belə ki, heyvanlarda ümumi vəziyyətin zəifləməsi, davamlı müvazinət pozuntuları və temperaturunun normadan yüksək olması (40,5 və 40°C) müəyyən edilib. Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu və ya digər xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab edilir.
Mövcud riskləri nəzərə alaraq, heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə yük partiyası geri qaytarılıb.
Xatırladaq ki, AQTA tərəfindən cari il mayın 5-də zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısı alınıb.
Agentlik Gürcüstandan diri heyvan idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edir ki, idxal zamanı mövcud prosedurları həyata keçirsinlər. Əks təqdirdə, həmin şirkətlər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülərək idxala məhdudiyyətlər tətbiq ediləcək.